Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)

14 Sentyabr 2026 23:13

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının "Gənc səslər gələcəyə səslənir" layihəsi çərçivəsində gənc solist Röya Əliyevanın solo konserti keçirilib.

Konsert Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində keçirilib və gənc ifaçıların öz yaradıcılıq imkanlarını geniş auditoriyaya təqdim etmələri üçün yaradılan platformalardan biri olub.

Konsertin açılışında Azərbaycanın Xalq artisti Fidan Hacıyeva bildirib ki, ölkə tarixində ilk dəfə klassik sənətin belə miqyaslı festivalı üç ay - 7 sentyabrdan 7 dekabradək davam edəcək.

"Bu festival mənim üçün sadəcə konsertlər silsiləsi deyil. Bu, illərdir inandığım sənət düşüncəsinin, Azərbaycan operasının gələcəyinə olan inamımın və gənc istedadlara dəstək vermək istəyimin nəticəsidir.

Bu il festivalın əsas istiqamətlərindən biri "Gənc səslər gələcəyə səslənir" layihəsidir. Mən bu layihəyə xüsusi önəm verirəm, çünki Azərbaycan opera sənətinin gələcəyi məhz bu gün səhnəyə çıxan gənc ifaçılardan başlayır. Buna görə də festival proqramında gənc solistlərin solo konsertlərinə, birgə çıxışlarına, vokal gecələrinə və müxtəlif ustad dərslərinə geniş yer vermişik", - deyə Fidan Hacıyeva bildirib.
Fidan Hacıyevanın 50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunan festival yalnız Bakı və Azərbaycanın regionlarını deyil, həmçinin Paris, London, Milan və Minsk şəhərlərini də əhatə edir. Festival çərçivəsində ümumilikdə 30-a yaxın musiqi və mədəniyyət tədbirinin keçirilməsi nəzərdə tutulur.

Festivalda gənc nəslə xüsusi diqqət yetirilir. Tədbirlərin bir hissəsi ölkənin aparıcı ali təhsil müəssisələrində keçiriləcək. Bununla da gənc dinləyicilərin klassik musiqi və opera sənəti ilə daha yaxından tanış olmalarına imkan yaradılacaq.

Festivalın möhtəşəm bağlanışı isə dekabrın 7-də Heydər Əliyev Sarayında keçiriləcək "Karmen. Sənətkarın həyatının yarım əsri"  adlı qala-konsertlə baş tutacaq. Həmin gecə dünya operasının ən məşhur obrazlarından biri olan Karmenin musiqisi ilə yanaşı, Azərbaycan və dünya klassik musiqisinin sevilən nümunələri də səslənəcək.

Konserti Niyazi adına Dövlət Simfonik Orkestri Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə müşayiət edəcək. Tanınmış İspaniya flamenko qrupunun iştirakı isə gecəyə xüsusi ritm və kolorit qatacaq.

"Ən böyük arzum budur ki, bu festivaldan sonra yeni adlar eşidək. Yeni solistlər səhnəyə çıxsın, öz auditoriyasını qazansın və Azərbaycan opera sənətinin gələcəyini formalaşdıran sənətkarlar yetişsin", - deyə Fidan Hacıyeva əlavə edib.

Konsert proqramında Röya Əliyeva çoxşaxəli gənc ifaçı kimi çıxış edərək Azərbaycan və dünya klassiklərinin əsərlərini təqdim edib. Vokal nömrələri ilə yanaşı, sənətçi fortepiano və skripkada ifa bacarığını da nümayiş etdirib.

21 yaşlı Röya Əliyeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının skripka ixtisası üzrə məzunudur. Eyni zamanda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbində Əməkdar artist Fərid Əliyevdən vokal dərsləri alıb. Son bir il ərzində isə həmin məktəbdə skripka müəllimi kimi fəaliyyət göstərir.

Gənc ifaçı Beynəlxalq Opera Festivalında artıq ikinci dəfədir iştirak edir. O, ötən il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasında Tellinin obrazını parlaq şəkildə canlandıraraq tamaşaçıların yaddaşında qalıb.

"Bu məktəbdə çalışmaq, Fidan Hacıyevanın yanında olmaq və bu festivalın bir hissəsinə çevrilmək mənim üçün böyük şərəfdir. Festival gənclərə öz istedadlarını üzə çıxarmaq və özlərini göstərmək üçün şərait yaradır. Burada gənclərə təmənnasız, səmimi və ürəkdən dəstək göstərilməsi, onlara yol göstərilməsi və peşəkar həyata addım atmaları üçün imkan yaradılması xüsusilə dəyərlidir. Festivalı çox yüksək qiymətləndirirəm. Bu, çox gözəl hadisədir", - deyə Röya Əliyeva bildirib.

Solo konsert gənc sənətçi üçün peşəkar yaradıcılıq yolunda daha bir mühüm mərhələ olub. Onun ifasında opera və kamera repertuarından əsərlər, eləcə də retro musiqi nümunələri səslənib. Çıxışları konsertmeyster Səmra Həsənli və gitara ifaçısı Cavid Ələkbərlinin müşayiəti ilə baş tutub.

Beləliklə, "Gənc səslər gələcəyə səslənir" layihəsi festivalın əsas məqsədlərindən birini - gənc istedadlara peşəkar səhnəyə çıxmaq, yaradıcılıq baxımından inkişaf etmək və ilk böyük auditoriyaları ilə görüşmək üçün real imkanlar yaratmaq missiyasını davam etdirir.

Məhz belə konsertlər gənc ifaçıların yalnız səhnə təcrübəsi qazanmaları deyil, həm də özlərini sənət aləminə təqdim etmələri üçün mühüm platformaya çevrilir. Bu gün festival səhnəsində çıxış edən gənc istedadlar arasında gələcəkdə Azərbaycan opera sənətini ölkənin və dünyanın ən böyük səhnələrində təmsil edəcək yeni adların yetişəcəyinə ümid böyükdür.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az