“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu

14 Sentyabr 2026 16:00

Fatih Tekke ilə yollarını ayıran "Trabzonspor" yeni baş məşqçi axtarışlarını davam etdirir. Türkiyə təmsilçisi təcrübəli mütəxəssis Şenol Güneşlə danışıqlara başlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda boyun yırtığından keçirdiyi əməliyyatdan sonra istirahət edən 74 yaşlı Şenol Güneş klubun təklifinə müsbət yanaşıb. "Trabzonspor" rəhbərliyinin yaxın iki gün ərzində təcrübəli çalışdırıcı ilə son görüşü keçirərək müqavilə imzalaması gözlənilir.

Türkiyə millisinin sabiq baş məşqçisi olan Şenol Güneş daha əvvəl beş fərqli dönəmdə "Trabzonspor"un sükanı arxasında olub.

Fatih Tekke ilə ayrılıqdan sonra komandanı müvəqqəti olaraq Hüseyin Çimşirə tapşıran klub rəhbərliyi qarşıdakı "Qalatasaray" derbisi öncəsi baş məşqçi məsələsini həll etmək üçün danışıqları sürətləndirib.

Bildirilir ki, rəhbərlik əvvəlcə "Gənclərbirliyi" üzərində 5:0 hesablı qələbədən sonra fasiləyə Hüseyin Çimşirlə getməyi planlaşdırıb. Lakin "Konyaspor"a 0:1 hesablı məğlubiyyətdən sonra bu qərardan vaz keçilib.

"Trabzonspor"un ilk əsas namizədlərindən biri Arda Turan olub. Bundan başqa, Stefano Pioli, Stiven Cerrard və Vitor Pereyra da klubun siyahısında yer alıb. Lakin aparılan danışıqlardan gözlənilən nəticə əldə olunmayıb.

Bundan sonra rəhbərlik diqqətini "Trabzonspor" camiəsinin əfsanəvi simalarından biri hesab olunan Şenol Güneşə yönəldib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)