Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib

14 Sentyabr 2026 14:42

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi və Serbiyaya göstərdiyi dəstək Azərbaycan ilə Serbiya arasında münasibətlərin mühüm dayaqlarından biri olaraq qalır.

Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Serbiyada yeni təyin olmuş fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə ilə görüşdən sonra "Facebook" hesabında yazıb.

"Prezident İlham Əliyevin ölkəmizə qarşı müdrik rəhbərliyi və səmimi rəğbəti iki ölkə arasında hərtərəfli münasibətlərin əsas dayaqlarından biri olaraq qalır", - deyə Vuçiç bildirib.

O, səfirdən Azərbaycan Prezidenti İlham Əliyevə ən səmimi salamlarını çatdırmağı xahiş etdiyini qeyd edib.

Serbiya Prezidenti həmçinin iki ölkə arasında fəal siyasi dialoqu və müxtəlif səviyyələrdə nümayəndələrin tez-tez keçirilən görüşlərini vurğulayıb.

Vuçiçin sözlərinə görə, Prezident İlham Əliyevin Belqrada səfəri və bu səfər çərçivəsində Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi Serbiya ilə Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açıb.

Serbiya Prezidenti ikitərəfli əməkdaşlığın enerji və infrastruktur sahələrindən kənara çıxaraq ticarət, investisiya, mədəniyyət, təhsil və turizm kimi istiqamətlərdə də genişləndirilməsinin vacibliyini qeyd edib.

O, həmçinin Azərbaycanın Belqradda keçiriləcək "EXPO 2027" sərgisində iştirakını təsdiqləməsinə görə təşəkkürünü bildirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)