Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?

14 Sentyabr 2026 14:36

Bakıda tıxacların daşınmaz əmlak bazarına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Paytaxtda nəqliyyat əlçatanlığının yaxşılaşdırılması insanların yaşayış yeri seçimlərinə və nəticə etibarilə mənzil qiymətlərinə də təsir göstərə bilər.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc Milli.Az-a açıqlamasında bildirib ki, nəqliyyat əlçatanlığı müəyyən ərazilərə olan tələbatı artıra bilər.

Onun sözlərinə görə, əgər hər hansı ərazidə tıxac çoxdursa, bu, həmin ərazinin daşınmaz əmlak baxımından artıq formalaşmış, inkişaf etmiş və yüksək qiymətli ərazi olduğunu göstərə bilər:

"Əgər həmin ərazidə nəqliyyat əlçatanlığı təmin olunarsa, tıxaclar aradan qaldırılarsa və alternativ yollar salınarsa, bu, həmin əraziyə olan tələbatı daha da artıra bilər".

V.Oruc qeyd edib ki, ümumiyyətlə, daşınmaz əmlak bazarındakı qiymətlər təkcə nəqliyyat əlçatanlığı ilə bağlı deyil. Nəzərə çatdırıb ki, qiymətlərə ilk növbədə daşınmaz əmlakın investisiya cəzbediciliyi təsir edir:

"Eyni zamanda, bir kvadratmetrin maya dəyəri hazırda kifayət qədər yüksəkdir. Buna görə də tikinti nəticəsində bazara təklif olunan mənzillərin bir kvadratmetrinin qiymətinin aşağı düşməsi asan deyil".

V.Oruc hesab edir ki, tıxacların azalması müəyyən ərazilərdə infrastrukturun inkişafına səbəb olarsa, həmin ərazilərə maraq da arta bilər:

"Hansı ərazilərdə ki, tıxaclar azalır, həmin ərazilərin infrastrukturu inkişaf edir, əlavə yollar çəkilir, nəqliyyat imkanları yaradılır. Bu da həmin ərazilərə diqqətin artmasına və tələbat yüksələrsə, qiymətlərin də artmasına səbəb ola bilər. Ona görə də nəqliyyat əlçatanlığı daşınmaz əmlakın qiymətinə dolayısı ilə təsir edir və qiymətlərin balanslı şəkildə bölüşdürülməsində mühüm rol oynayır".

Onun fikrincə mənzil qiymətlərinin məhz nəqliyyat əlçatanlığından birbaşa asılı olduğunu demək olmaz. Əlavə edib ki, daşınmaz əmlakın qiymətinə təsir göstərən 15-dən çox amil var və bütün bu amillər birlikdə mənzil qiymətlərinin formalaşmasına təsir edir. Bunlara investisiya cəzbediciliyi, tikintinin maya dəyəri, rayonlardan və bölgələrdən urbanizasiya və digər amillər daxildir:

"Ona görə də tıxacların tamamilə aradan qalxdığını təsəvvür etsək belə, hər hansı ərazidə ucuzlaşmanın baş verəcəyini düşünmürəm. Sadəcə qiymətlər daha balanslı şəkildə bölünə bilər. Ümumiyyətlə, tıxacların tamamilə aradan qaldırılması 4 milyona yaxın əhalisi olan şəhərdə hazırda mümkün deyil. Bu, real görünmür".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)