10 mindən çox azərbaycanlı Rusiyada təhsil alır

14 Sentyabr 2026 14:22

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski ilə görüşüb.

Milli.Az xəbər verir ki, görüşdə təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Xüsusilə, Azərbaycan-Rusiya birgə Universitetinin yaradılması məsələsinə toxunulub.

Görüş zamanı Azərbaycan abituriyentlərinin Rusiya universitetlərində təhsil almağa artan marağı məmnuniyyətlə vurğulanıb.

Altı ay ərzində 10 mindən çox Azərbaycan vətəndaşı təhsil almaq üçün Rusiyaya daxil olub. Ümumilikdə, yanvar-iyun aylarında Rusiya 202 640 əcnəbi tələbə qəbul edib. 

Qeyd olunub ki, 1 oktyabr 2025-ci il tarixinə görə, Rusiyada bütün təhsil formaları (Rusiya təhsil müəssisələrinin xarici filialları istisna olmaqla) üzrə 10.000-dən çox Azərbaycan Respublikası vətəndaşı ali təhsil proqramlarında təhsil alır, 1 oktyabr 2024-cü il tarixinə görə isə bu rəqəm 9744 tələbə olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)