Azərbaycanda 3 600 illik döyüşçü məzarından nadir silahlar tapılıb.
Milli.Az xəbər verir ki, Ağstafa rayonunda yerləşən "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Sarıyoxuş ərazisində aparılan qazıntılar zamanı təxminən 3 600 il əvvələ aid kurqandan nadir arxeoloji tapıntılar üzə çıxarılıb.
Orta Tunc dövrünə aid 4 saylı kurqanda yüksək sosial və hərbi statusa malik şəxsə məxsus olduğu ehtimal edilən diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşından hazırlanmış ox ucluqları aşkarlanıb.
Tədqiqatçılara görə, xüsusilə diqqət çəkən toppuz başlığı yalnız döyüş vasitəsi deyil, həm də hakimiyyət və yüksək rütbə simvolu kimi istifadə olunmuş ola bilər. Xəncər və çoxsaylı ox ucluqları isə dəfn edilən şəxsin hərbi fəaliyyətlə əlaqəli olduğunu göstərir.
Mütəxəssislər kurqanın tarixini daha dəqiq müəyyənləşdirmək üçün tapılan nümunələrin Yaponiya, Türkiyə və ABŞ laboratoriyalarında radiokarbon analizindən keçirilməsini planlaşdırırlar.
Qazıntılar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə "Keşikçidağ" qoruğunun birgə layihəsi çərçivəsində aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)