Kanal 7-də yayımlanan "Muhabbet Kapısı" proqramının aparıcısı, ilahiyyatçı professor doktor Mustafa Karataş canlı yayım zamanı kədərli xəbər alıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professorun 4 aydır reanimasiyada müalicə olunan qardaşı Davut Karataş dünyasını dəyişib. Qardaşının vəfat xəbərini canlı yayım zamanı alan Mustafa Karataş yaşadığı acını tamaşaçılarla bölüşüb.
O, bu xəbərin ardından verilişi davam etdirməkdə çətinlik çəkdiyini bildirib və izləyicilərdən mərhum üçün dua etmələrini xahiş edib.
Mustafa Karataş qardaşının uzun müddət reanimasiyada müalicə olunduğunu qeyd edib:
"Az əvvəl bir xəbər aldım. Ortancıl qardaşımız Davut Karataş 4 aydır reanimasiyada idi. İndi onun vəfat xəbəri gəldi. Bu yayımı davam etdirmək mənim üçün bir qədər çətin olacaq. Sizdən anlayış və dua gözləyirəm".
Professor daha sonra qardaşı haqqında danışaraq onun Qurana bağlı, yardımsevər və ətrafındakı insanlara dəstək olmağa çalışan biri olduğunu deyib. Bildirib ki, Davut Karataş İstanbul Böyükşəhər Bələdiyyəsində çalışıb, universitet məzunu olub və gözəl Quran və azan oxuyub.
Mustafa Karataş mərhum qardaşının dəfn mərasiminin Karabükdə keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, cənazə İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasından götürülərək Karabükə aparılacaq və ertəsi gün günorta namazından sonra dəfn mərasimi keçiriləcək.
Sonda ilahiyyatçı professor tamaşaçılardan qardaşının ruhuna Fatihə surəsi oxumalarını istəyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)