Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib

13 Sentyabr 2026 18:34

Misli Premyer Liqasının V turunda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Görüşdə hesabı Naxçıvan təmsilçisi açıb. Emmanuel Hakmanın 7-ci dəqiqədə vurduğu avtoqol "Araz-Naxçıvan"ı hesabda irəli çıxarıb.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv ikinci hissənin 51-ci dəqiqəsində İbrahima Vadji ilə "status kvo"nu bərpa edib. 75-ci dəqiqədə isə Jo Batista "Turan Tovuz"u hesabda önə keçirib.

Matçda yekun nəticəni isə "Araz-Naxçıvan"ın üzvü Ağadadaş Salyanski müəyyənləşdirib. Futbolçu 86-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

8 xalı olan "Turan Tovuz" turnir cədvəlində beşincidir. "Araz-Naxçıvan" isə 2 xalla 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" matçında isə (1:1) qalib müəyyənləşməyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)