Ətraf mühitin temperaturu parfümlərin qəbul edilməsinə birbaşa təsir göstərir: havalar soyuduqca daha zəngin və tünd kompozisiyalar özünü daha dərin və həcmli şəkildə büruzə verir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə parfümer və "Zolotoye yabloko"nun eksperti Valeriya Kuzmina danışıb.
"Sərin havalarda tünd oduncaq, ənbər, müşk və qurman notları daha yaxşı açılır. İsti hava isə, əksinə, əksər notların təsirini gücləndirərək həddindən artıq zəngin qoxuları həm sizin, həm də ətrafdakılar üçün yorucu edə bilər. Buna baxmayaraq, xüsusi olaraq "payız" notlarının universal siyahısı yoxdur. Burada kompozisiyanın intensivliyini, qalıcılığını və təbii ki, şəxsi hissləri nəzərə almaq vacibdir", - deyə o qeyd edib.
V.Kuzminanın sözlərinə görə, hər hansı bir ətri almazdan əvvəl onu sadəcə mağazadakı kağız testerdə deyil, həm də dəriyə vuraraq yoxlamaq lazımdır. Ekspert qoxunun fərqli mühitlərdə - küçədə, qapalı məkanda və istifadədən bir neçə saat sonra necə dəyişdiyini müşahidə etməyi məsləhət görüb.
Mütəxəssis həmçinin dəri tipinin ətirin qalıcılığına və xarakterinə təsirinə də diqqət çəkib. Quru dəridə qoxular adətən daha tez uçduğuna görə, uzunmüddətli təsir əldə etmək üçün parfümdən öncə dərini nəmləndirmək və ya daha dolğun kompozisiyalar seçmək tövsiyə olunur. Eyni zamanda, sebum istehsalı çox olan yağlı dəridə qoxu daha uzun müddət qala və daha kəskin hiss oluna bilər.
Parfümer onu da vurğulayıb ki, son vaxtlar əsasən insana yaxın məsafədən hiss edilən daha təmkinli ətirlərə maraq artmaqdadır. Onun fikrincə, kəskin və şirin kompozisiyaların populyar olduğu dövrdən sonra indi bir çoxları ətrafdakılar üçün diqqətçəkən bir şleyf kimi deyil, fərdi obrazın bir parçası kimi qəbul edilən parfümlərə üstünlük verirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)