Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafiq qulluq və bərpa prosedurları sayəsində əksər hallarda saçların vəziyyətini normaya salmaq mümkündür.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə tibb elmləri doktoru, həkim-trixoloq Yuliya Qallyamova məlumat verib.
Mütəxəssis qeyd edib ki, normal halda insan gün ərzində 50-100 tel saç itirir. Qaynaq zamanı isə qopan saçlar başdan tam ayrılmır, kapsulların və ya digər bərkidici vasitələrin içərisində toplanır. Konstruksiya çıxarıldığı zaman həmin tüklər birdən tökülərək saçların kəskin şəkildə azalması illüziyasını yaradır.
Bununla belə, bəzi hallarda qaynaq, doğrudan da, müəyyən fəsadlara yol aça bilər. Əlavə edilən saçlar çox ağır olduqda, bərkidicilər davamlı gərilmə yaratdıqda və ya korreksiya vaxtında aparılmadıqda follikullara əlavə yük düşür. Nəticədə mexaniki təsirdən qaynaqlanan traksion alopesiya - saç tökülməsi meydana gələ bilər.
Həkimin sözlərinə görə, travma yaradan səbəb erkən mərhələdə aradan qaldırılarsa, saçların inkişafı yenidən bərpa oluna bilər. Amma uzunmüddətli gərilmə follikulları daha ciddi zədələyir ki, bu da bərkidilmə nahiyələrində saçların nazikləşməsi və seyrəlməsi ilə nəticələnir.
Qaynaq söküldükdən sonra saçların keyfiyyətinin pisləşməsinin digər səbəbi onların qırılması ola bilər. Belə olan halda follikul deyil, tükün gövdəsi zədələnir: insan saç uzunluğunu itirsə də, onun böyümə potensialı yerində qalır. Qallyamova vurğulayıb ki, bu cür zədələnmələrdə follikul canlı olduğu üçün söhbət alopesiyadan yox, sadəcə kosmetik qüsurdan gedir.
Qallyamova hər hansı müalicəvi vasitədən istifadə etməzdən öncə trixoloq müayinəsindən keçməyi və trixoskopiya etdirməyi məsləhət görür. Göstərişlər olduğu təqdirdə həkim saç artımını stimullaşdıran üsullar, o cümlədən PRP-terapiya və mezoterapiya təyin edə bilər. Düzgün qidalanma da mühüm amildir: mütəxəssis bildirir ki, saçlar zülaldan təşkil olunduğu üçün kəskin pəhrizlər onların vəziyyətinə mənfi təsir edir.
Tökülmə zamanı orqanizmdə ferritin səviyyəsinə də xüsusi diqqət yetirmək lazımdır. Qaynaqdan azad olduqdan sonra saçlara dincəlmək üçün vaxt verilməlidir: saçları çox sıx yığmaqdan çəkinmək, daha yumşaq qulluq vasitələri seçmək və baş dərisinə dırnaqlarla təzyiq etmədən yalnız barmaq ucları ilə masaj etmək faydalıdır.
Qallyamovanın sözlərinə görə, yeni saçların ilkin artım əlamətlərini iki-üç ay sonra görmək mümkündür, tam bərpa prosesi isə təxminən üç-dörd ay davam edir. Təkrar zədələnmələrdən qorunmaq üçün mütəxəssis süni saçları üç aydan artıq istifadə etməməyi və onları sökdükdən sonra təbii saçlara mütləq istirahət verməyi tövsiyə edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)