Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)

13 Sentyabr 2026 00:12

Ölkədə "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 2027-2029-cu illərdə ölkə və regionlar üzrə rəqabətin inkişaf səviyyəsini göstərən "rəqabət xəritəsi" hazırlanacaq, bir sıra məhsul və xidmət bazarlarında isə mövcud tənzimləmələrə yenidən baxılacaq. Bu Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamla təsdiqlənmiş "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nda nəzərdə tutulub. Sənədə əsasən, bazar iştirakçılarının fəaliyyət imkanlarını genişləndirmək məqsədilə iqtisadi, texniki və inzibati tənzimləmələr, o cümlədən lisenziya və icazə prosedurları təhlil ediləcək. Nəticələr əsasında onların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bununla yanaşı, dövlətin müstəsna iştirak etdiyi, eləcə də xüsusi tənzimləmə tətbiq olunan bəzi infrastruktur və xidmət sahələrinin rəqabətli bazar modelinə mərhələli keçidi imkanları qiymətləndiriləcək. Zərurət yarandıqda xüsusi tənzimləməyə aid subyekt və fəaliyyət istiqamətləri üzrə mövcud siyahılara dəyişiklik layihələri hazırlanacaq.

İqtisadçılar bildirirlər ki, bu xəritənin hazırlanması ilə ölkədə rəqabət mühitinin daha sistemli şəkildə ölçülməsi və tənzimlənməsi planlaşdırılır.

Yəni xəritənin məqsədi "rəqabət harada zəifdir və bunun səbəbi nədir?" sualına cavab tapmaqdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)