Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov teatrın yaradıcı heyətini yeni mövsümün açılışı münasibətilə təbrik edib, görüləcək işlərdən və yeni hədəflərdən danışıb. Qeyd edib ki, qarşıdakı illərin mədəni inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan mədəniyyəti - 2040" Dövlət Konsepsiyası yalnız mədəni irsin qorunması deyil, eyni zamanda müasir və rəqabət qabiliyyətli mədəniyyət mühitinin formalaşdırılması, Azərbaycan sənətinin beynəlxalq aləmdə daha geniş tanıdılması kimi mühüm vəzifələr qoyur.
154-cü mövsümdə beynəlxalq əlaqələr sahəsində qarşımızda mühüm vəzifələr dayanır. Teatrımızın beynəlxalq festivallarda iştirakının genişləndirilməsi, xarici teatrlarla birgə layihələrin həyata keçirilməsi, yaradıcı mübadilələrin artırılması, Azərbaycan dramaturgiyasının və milli teatr məktəbimizin xarici ölkələrdə daha geniş təqdim olunması prioritet istiqamətlərimiz olacaq.
Yeni mövsümün açılışında Teatrın Artist heyətinin idarə edilməsi bölməsinin müdiri Elnur Məmmədov teatr sahəsində uğurlu fəaliyyətinə görə və 50 illik, rejissor assistenti Xanımbacı Həsənova teatr sahəsində uğurlu fəaliyyətinə görə və 65 illik, həmçinin Azərbaycan Respublikasının Əməkdar artisti Anar Heybətov teatr sənəti sahəsində uğurlu fəaliyyətinə görə və 50 illik yubileyi münasibəti ilə "Yubiley" mükafatı ilə təltif edilib.
Qeyd edək ki, Akademik Milli Dram Teatrının 154-cü mövsümünün rəsmi açılışı 11 sentyabr saat 19:00-da Xalq yazıçısı İlyas Əfəndiyevin "Qarabağnamə" əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə olub. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az