Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər

12 Sentyabr 2026 01:01

Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyacı yüksək qan şəkəri, ağız quruluğu, gün ərzində həddindən artıq duzlu qidaların qəbul edilməsi və ya kifayət qədər su içilməməsi ilə əlaqəli ola bilər.

Mütəxəssislərin fikrincə, xüsusilə gecə ərzində dəfələrlə oyanaraq su içmək ehtiyacı yaranırsa, bu hal diqqətdən kənarda saxlanılmamalıdır.

Bəzi hallarda güclü susuzluq və tez-tez sidiyə getmə birlikdə müşahidə oluna bilər. Bu əlamətlər davamlı xarakter daşıyırsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək tövsiyə olunur.

Eyni zamanda, yatmazdan əvvəl həddindən artıq su içmək də gecə ərzində daha çox oyanmağa səbəb ola bilər. Buna görə maye qəbulunu gün ərzində balanslı şəkildə bölüşdürmək vacibdir.

Milli.Az-da yayımlanan sağlamlıq məlumatları yalnız məlumat xarakterlidir və həkim məsləhətini əvəz etmir. Diaqnoz və müalicə üçün mütləq həkiminizə müraciət edin.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)