“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko

10 Sentyabr 2026 20:19

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə sürətlə yayılan qumar oyunları və kazino reklamları ilə bağlı ailəsinin adının hallandırılmasına kəskin rekasiya verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Belarus lideri Minskdə keçirilən hökumət iclasında mövzu ilə bağlı sərt ifadələr işlədib.

Lukaşenko xüsusilə onlayn kazinoların məşhur reklam şüarlarına diqqət çəkərək ailəsinə qarşı irəli sürülən iddiaları təkzib edib:

"Hər yerə onlayn kazino reklamlarını asmısınız. Artıq iş o yerə çatıb ki, guya bu bizneslə mənim ailəm məşğul olur. Mənim ailəm... Əksinə, ailəm hər gün mənə təzyiq edir, məni boğurlar ki, bu məsələyə diqqət ayırım. Belarusda hamı bundan istifadə edir. Ölkəni tamamilə kazinoya çevirmisiniz".

Belarus prezidenti Prezident Administrasiyasının rəhbəri Dmitri Krutoya ölkədəki qumar biznesi və onun reklamları ilə bağlı ciddi araşdırma aparılması üçün qəti tapşırıq verib. Krutoyun ölkədə qumar sferasının "sərt tənzimləndiyini" bildirməsinə cavab olaraq isə Lukaşenko "Kağız üzərində tənzimlənib, amma reallıqda ölkə kazinoya dönüb" deyə təkrarlayıb.

Qeyd edək ki, son dövrlər Postsovet məkanında onlayn-kazinolar və qeyri-qanuni bukmeker kontorları ludomaniyaya (qumar aludəçiliyi) səbəb olduğu üçün dövlətlər tərəfindən nəzarət tədbirləri kəskin şəkildə artırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)