Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzindəki "zipline"nin kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.
Milli.Az xəbər verir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, belə hadisələrdən biri avqustun 19-da baş verib.
Turistlər "zipline" miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və "zipline"dən endirib.
Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası" istirahət mərkəzində "zipline"nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)