Ethan Mbappe "Lill"in "Betis"ə məğlubiyyətində məsuliyyəti üzərinə götürüb.
Milli.Az xəbər verir ki, 19 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda İspaniya klubuna 2:3 hesabı ilə uduzduqları oyundan sonra üzr istəyib.
Mbappe görüşdə "Lill"in qollarından birinin məhsuldar ötürməsini versə də, komandasının üçüncü qolu buraxmasından sonra qırmızı vərəqə alıb. O, oyunun bərpasından əvvəl rəqib futbolçulardan birinin üzünə dirsəklə zərbə vurduğu üçün birbaşa meydandan qovulub.
Fransalı yarımmüdafiəçi sosial şəbəkədə paylaşım edərək komanda yoldaşlarından, məşqçilər korpusundan və azarkeşlərdən üzr istəyib:
"Komanda yoldaşlarımdan, məşqçilər korpusundan və azarkeşlərdən bu qəbuledilməz hərəkətə görə üzr istəyirəm. Məğlubiyyət tamamilə mənim günahımdır və məsuliyyəti üzərimə götürürəm. Komanda yoldaşlarımı ən böyük turnirdə çətin vəziyyətdə qoydum. Üzr istəyirəm".
Qeyd edək ki, bu, Ethan Mbappenin peşəkar karyerasında ilk qırmızı vərəqəsidir. O, həmçinin "Lill" tarixində Çempionlar Liqasında birbaşa qırmızı vərəqə alan ilk futbolçu olub. "Lill" isə Çempionlar Liqasında ilk turda heç vaxt qələbə qazana bilməyib. Komanda bu mərhələdə keçirdiyi 9 oyunda 3 heç-heçə edib, 6 dəfə məğlub olub. (Qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)