Gənc yaşda ölən dünya ulduzları

10 Sentyabr 2026 01:01

Dünya şou-biznesinin bəzi məşhur simalarının qəfil və faciəli ölümü illər keçsə də unudulmur. Onların arasında karyerasının zirvəsində həyatını itirən müğənnilər və aktyorlar da var.

Milli.Az 2000-ci illərdə ölümü böyük rezonans doğuran dünya ulduzları barədə məlumat təqdim edir.

Aliya
Amerikalı R&B müğənnisi Aliya Dana Hoton musiqi ilə erkən yaşlarından məşğul olmağa başlayıb. Detroytda böyüyən gələcək ulduz uşaqlıqdan mahnı oxuyub və yeniyetmə yaşlarında peşəkar musiqi dünyasına qədəm qoyub.

Onun ilk prodüsserlərindən biri R. Kelli olub. Müğənni hələ yetkinlik yaşına çatmadığı dövrdə onların münasibətləri qalmaqala səbəb olub. 1990-cı illərin ortalarında R. Kelli Aliyanın yaşını sənədlərdə saxtalaşdıraraq onunla gizli nikaha girib. Bundan xəbər tutan müğənninin valideynləri nikahın məhkəmə yolu ilə ləğvinə nail olublar.

Qalmaqaldan sonra Aliya başqa səsyazma şirkəti ilə əməkdaşlığa başlayıb. 17 yaşında Timbaland və Missi Elliottla birlikdə "One in a Million" albomunu hazırlayıb. Albom böyük uğur qazanıb və bundan sonra gənc müğənninin karyerasında sürətli yüksəliş başlayıb.

Aliya özünəməxsus ifa tərzi ilə seçilib, filmlər üçün mahnılar yazıb, daha sonra isə aktrisa kimi kamera qarşısına keçib. Onun ilk böyük rollarından biri "Romeo ölməlidir" filmində olub. Müğənni bu ekran əsəri üçün dörd mahnı da yazıb. Ardınca "Lənətlənmişlərin kraliçası" filmində qədim vampir Akaşa obrazını canlandırıb. Aliya "Matriks" filminin ikinci hissəsində Zi obrazında bir neçə səhnəyə də çəkilmişdi. Lakin həmin işi tamamlamaq ona qismət olmayıb.

2001-ci il avqustun 25-də müğənni komandası ilə birlikdə klip çəkilişindən qayıdarkən kiçik təyyarə qəzaya uğrayıb. Təyyarədə olanların heç biri sağ qalmayıb.

Araşdırma zamanı qəzanın baş verməsində pilotun da rolunun ola biləcəyi bildirilib. Onun pilot lisenziyasının müddətinin bitdiyi, orqanizmində qadağan olunmuş maddələrin izlərinin aşkarlandığı qeyd olunub. Təyyarənin sərnişinləri və ağır çəkiliş avadanlıqlarını daşımaq üçün kifayət qədər böyük olmadığı, normadan artıq yükləndiyi də müəyyən edilib.

Aliya Nyu-Yorkda dəfn olunub. Müğənninin tabutu şəhərdən keçirilib, onunla vidalaşmağa çoxsaylı insanlar gəlib. Mərasimdə Missi Elliott, Cey-Zi, Şon Kombs, Qledis Nayt və digər məşhurlar iştirak ediblər. Vida mərasiminin sonunda Aliyanın yaşadığı 22 ilin xatirəsinə 22 ağ göyərçin havaya buraxılıb.

Müğənninin ölümündən sonra müxtəlif şayiələr də yayılıb, təyyarə qəzasının qəsdən təşkil olunduğu iddia edilib. Hətta bu iddialarda Cey-Zinin də adı hallandırılıb. 

Anna Nikol Smit
1990-cı illərin ən tanınmış modellərindən biri olan Anna Nikol Smit "Playboy" jurnalı ilə əməkdaşlıqdan sonra məşhurlaşıb. Onun təkcə karyerası deyil, şəxsi həyatı da daim mətbuatın diqqətində olub.

Anna Nikolun özündən xeyli yaşlı neft maqnatı ilə evlənməsi böyük müzakirələrə səbəb olub. Ərinin ölümündən sonra isə onun mirası uğrunda uzun sürən məhkəmə çəkişməsi başlayıb. Modelin həyatında ən ağır hadisələrdən biri oğlu Danielin ölümü olub. Daniel narkotik maddələrin həddindən artıq dozası nəticəsində həyatını itirib.

Anna Nikol Smit özü də 2007-ci ildə, 40 yaşına çatmamış vəfat edib. Həyatının son dövründə onun səhhətində ciddi problemlər yaranıb. O, ağır pnevmoniyadan əziyyət çəkib, çətin hamiləlik keçirib, müxtəlif plastik əməliyyatlar etdirib və çoxsaylı dərmanlardan istifadə edib.

Modelin ölümündən sonra onun harada dəfn olunması ilə bağlı da mübahisə yaranıb. Anası Virci Artur qızının doğma Texasda torpağa tapşırılmasını istəyib. Lakin Anna Nikol Smit Baham adalarının Nassau şəhərində dəfn olunub. Onun tabutu dəfn mərasiminə çəhrayı örtüyə bürünmüş vəziyyətdə gətirilib.

Virci Artur sonrakı illərdə qızının ölümündə onun son həyat yoldaşı Hovard Sternin rolunun olduğunu iddia edib. O, Sterni Anna Nikolu reseptlə verilən dərmanlardan asılı vəziyyətə salmaqda günahlandırıb. Modelin öldüyü otaqda tapılan bəzi dərman qutularında Hovard Sternin adının olduğu bildirilib.

Hit Ledcer
Avstraliyalı aktyor Hit Ledcer gənc yaşlarında Hollivudda tanınmağa başlayıb. "Sənə nifrət etməyimin 10 səbəbi" və "Cəngavərin hekayəsi" kimi filmlər ona geniş şöhrət qazandırıb.

Lakin aktyor sonradan romantik qəhrəman obrazlarından uzaqlaşaraq daha mürəkkəb rollara üstünlük verib. "Canavarlar balı", "Konfet", "Brokbek dağı" və digər ekran əsərlərində çəkilib. Onun karyerasının ən məşhur işi rejissor Kristofer Nolanın "Qara cəngavər" filmində canlandırdığı Coker obrazı olub. Ledcer bu rola xüsusi hazırlaşıb, personajın davranışını, səsini və psixologiyasını yaratmaq üzərində işləyib.

2008-ci il yanvarın 22-də, Terri Gilliamın "Doktor Parnasın İmaginariumu" filminin çəkilişləri davam etdiyi vaxt 28 yaşlı Hit Ledcer Manhettendəki mənzilində ölü tapılıb. Aktyorun ölüm səbəbi kəskin intoksikasiya olub.

Ledcer "Qara cəngavər" filminin hazır variantını görə bilməyib. Film onun ölümündən bir neçə ay sonra, 2008-ci ilin yayında nümayiş olunub. Aktyor Coker obrazına görə ölümündən sonra "Ən yaxşı ikinci plan kişi aktyoru" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Mükafatı onun ailə üzvləri qəbul ediblər.

Maykl Cekson
Pop musiqisinin kralı kimi tanınan Maykl Ceksonun 2009-cu ildə qəfil ölümü bütün dünyada böyük rezonans doğurub.

Həmin vaxt müğənni uzun fasilədən sonra böyük səhnəyə qayıtmağa hazırlaşıb. Londonda "This is it" adlı konsertlər seriyasının keçirilməsi planlaşdırılıb. Əvvəlcə 10 konsert nəzərdə tutulsa da, biletlərə böyük tələbat səbəbindən onların sayı 50-yə çatdırılıb.

Maykl Cekson Los-Ancelesdə rejissor Kenni Orteqa ilə birlikdə konsertlərə hazırlaşır, intensiv məşqlər edirdi. Müğənninin ölümündən sonra həmin məşqlər zamanı çəkilən görüntülər əsasında "This is it" filmi hazırlanıb.

Ceksonun ölümündən sonra diqqətlər onun şəxsi həkimi Konrad Marreyə yönəlib. Qeyd edilir ki, həkim müğənniyə güclü sedativ preparat olan propofol verib. Daha sonra Konrad Marrey ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilinərək həbs cəzasına məhkum edilib. Maykl Ceksonun ölümündən sonra müxtəlif  konspirasiya nəzəriyyələri də yayılıb. Bəziləri müğənninin qətlə yetirildiyini, digərləri isə onun öz ölümünü saxtalaşdırdığını iddia ediblər.

Müğənni ilə vida mərasimi Los-Ancelesdəki "Staples Center"də keçirilib. Mərasimdə Merayya Keri, Laynel Riçi, Stivi Uander, Aşer və digər dünya ulduzları çıxış ediblər. Ceksonun vida mərasimini televiziya vasitəsilə dünyanın müxtəlif ölkələrində milyonlarla insan izləyib.

İstintaqın uzanması səbəbindən Maykl Cekson dərhal dəfn edilməyib. Pop ulduzu ölümündən təxminən iki ay sonra "Forest Lawn" qəbiristanlığında torpağa tapşırılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)