Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı

9 Sentyabr 2026 23:19

"Real Madrid"in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardirlərinin ilk beşliyinə yüksəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, fransalı futbolçu turnirin liqa mərhələsinin ilk turunda "İnter"ə qarşı keçirilən matçda 14-cü dəqiqədə hesabı açıb.

Bu qol Mbappenin Çempionlar Liqasında 71-ci qolu olub. Bununla da o, turnirin bombardirləri siyahısında ispan futbolçu Raul Qonzalesə çataraq onunla beşinci pilləni bölüşür.

Qeyd edək ki, Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri 140 qolla Kriştianu Ronaldudur. İkinci pillədə Lionel Messi (129), üçüncü sırada Robert Levandovski (109), dördüncü yerdə isə Kərim Benzema (90) qərarlaşıblar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)