Serbiya Prezidenti Aleksandar Vuçiç parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi ilə bağlı qərarları təsdiqləyib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qərar Serbiya hökumətinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciətindən sonra qəbul olunub.
Növbədənkənar seçkilər ölkədə uzun müddətdir davam edən siyasi etirazlar fonunda keçiriləcək. Etirazlar 2024-cü ilin noyabrında Novi-Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması və nəticədə 16 nəfərin həyatını itirməsindən sonra başlayıb.
Hakim Serbiya Tərəqqi Partiyası daha əvvəl qarşıdakı seçkilərdə Aleksandar Vuçiçi seçki siyahısının lideri kimi irəli sürüb. Partiyanın seçkilərdə qalib gələcəyi təqdirdə Vuçiçin baş nazir vəzifəsinə namizəd ola biləcəyi bildirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)