Bağırsaq sağlamlığı üçün istehlak edilən fermentləşdirilmiş məhsullarla bağlı aparılan araşdırmada kefir diqqətçəkən nəticələr verib. Altı həftə ərzində müntəzəm olaraq kefir içən şəxslərdə mədə və bağırsaq şikayətlərinin nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.
Milli.Az xəbər verir ki, "The Journal of Nutrition" jurnalında dərc olunan araşdırmaya 65 sağlam şəxs qatılıb. İştirakçıların bir hissəsi altı həftə ərzində hər gün 250 millilitr kefir istehlak edib, tədqiqatçılar bu müddət ərzində həzm sistemindəki və müxtəlif sağlamlıq göstəricilərindəki dəyişiklikləri izləyiblər.
Kefir fermentasiya zamanı yaranan faydalı bakteriya və mayalar baxımından zəngin bir içkidir. Bu mikroorqanizmlərin bağırsaq florasının tarazlaşmasına və həzm sisteminin nizamlı işləməsinə töhfə verir. Süd, qatıq və kefirin müqayisə edildiyi başqa bir araşdırma da bu təsirləri dəstəkləyən nəticələr ortaya qoyub. İki həftə ərzində bu üç məhsuldan birini istehlak edən şəxslər arasında məhz kefir içənlərdə bəzi faydalı bağırsaq bakteriyalarının artdığı müşahidə olunub.
65 nəfərin qatıldığı araşdırmanın sonunda kefir içənlərin mədə və bağırsaq şikayətlərində əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Eyni zamanda ümumi xolesterol, sidik turşusu və kreatinin səviyyələrində də eniş müşahidə olunub. Tədqiqatçılar əldə edilən nəticələrin müntəzəm kefir istehlakının xüsusilə həzm sisteminə müsbət təsir göstərə biləcəyinə işarə etdiyini bildiriblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)