Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?

8 Sentyabr 2026 22:51

Azərbaycanda heyvandarlıq sahəsinin inkişafının təşviqi, yerli ət istehsalının artırılması və fermerlərin dəstəklənməsi məqsədilə yeni subsidiya mexanizmləri müəyyənləşdirilib.

Yeni mexanizmin heyvandarlığın inkişafına mümkün təsiri, subsidiya məbləğlərinin fermerlərin real xərcləri ilə nə dərəcədə uzlaşması, müəyyən edilmiş meyarların kiçik və orta təsərrüfatlar üçün əlçatanlığı və nəticədə ət bazarına mümkün təsirləri müzakirə olunan əsas məsələlər sırasındadır. Bəs yeni subsidiya modeli fermerlər üçün nə dərəcədə səmərəli olacaq və qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, ölkədə xırdabuynuzlu heyvanların baş sayının azalmasının əsas səbəblərindən biri örüş və otlaq sahələrinin, eləcə də həmin ərazilərdə ot örtüyünün vəziyyətinin qənaətbəxş olmamasıdır.

Onun sözlərinə görə, yeni subsidiya mexanizmində bu problemin həlli istiqamətində addımların nəzərdə tutulması müsbət yanaşmadır:

"Ölkəmizdə xırdabuynuzlu heyvanların baş sayının azalmasının əsas səbəblərindən biri örüş-otlaq vəziyyətinin yaxşı olmaması, ot örtüyünün və otlaq sahələrinin keyfiyyətli olmamasıdır. Düzdür, subsidiya tətbiqi ilə bu problemin həlli istiqamətində addım atılması nəzərdə tutulub. Mən bunu subsidiyalaşmanın yeni mərhələsi kimi görürəm. Hazırda bu, daha çox intensiv heyvandarlıq təsərrüfatları üçün nəzərdə tutulub".

C.İbrahimli hesab edir ki, subsidiya mexanizminin ilkin mərhələdə daha böyük təsərrüfatlardan başlanması müəyyən mənada doğru qərardır. Ekspert bunu kiçik və ailə təsərrüfatlarında heyvanların uçotu və qeydiyyatı prosesinin daha çətin olması ilə əlaqələndirib.

"Heyvanların uçotu, qeydiyyatı və digər məsələləri ən xırda təsərrüfatlarda, məsələn, 5-10 heyvan saxlayan ailə təsərrüfatlarında həyata keçirmək bir qədər çətindir. Ona görə də ilkin olaraq böyük təsərrüfatlardan başlanılması müəyyən qədər doğru qərardır. Bunun pilot kimi effekti yoxlanıldıqdan sonra yəqin ki, daha az baş sayında heyvan saxlayan təsərrüfatlarla bağlı məsələyə də baxılacaq", - ekspert bildirib.

Bununla yanaşı, C.İbrahimli fermerlərin üzərinə qoyulan örüş və otlaq ərazilərində biomüxtəlifliyin qorunması və ot örtüyünün yaxşılaşdırılması ilə bağlı tələblərin praktiki icrasına şübhə ilə yanaşır. Onun fikrincə, bu istiqamətdə görüləcək işlər ayrı-ayrı fermerlərin imkanlarından daha genişmiqyaslı və kompleks tədbirlər tələb edir.

"Fermerlərin biomüxtəlifliyin qorunması və otlaq ərazilərinin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcəyinə, açıqcası, çox inanmıram. Ot örtüyünün yaxşılaşdırılması ilə bağlı tədbirlər böyük əraziləri əhatə edən kompleks tədbirlərdir. Örüş və otlaq ərazilərinin dövlətə məxsus olduğunu, onların böyük hissəsinin fermerlərə uzunmüddətli icarəyə verildiyini nəzərə alsaq, düşünürəm ki, bu iş vahid dövlət tədbiri kimi aparılsaydı, daha effektiv olardı. Ərazilər seçilərək işlər mərhələli şəkildə həyata keçirilə bilərdi", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, yeni subsidiya mexanizmində xırdabuynuzlu heyvandarlığın əsas problemlərindən birinin həllinə cəhd göstərilməsi müsbət məqamdır. Ekspert hesab edir ki, mexanizmin real nəticələrini qiymətləndirmək üçün müəyyən müddət tələb olunacaq:

"Ümumilikdə xırdabuynuzlu heyvandarlıq üçün vacib problemin həlli istiqamətində addım atılmağa çalışılıb. İndi bir-iki il gözləyib nəticəsini yoxlamaq lazım olacaq".

İribuynuzlu heyvanların diri çəkisinə görə nəzərdə tutulan subsidiyaya toxunan C.İbrahimli bildirib ki, 600 kiloqramlıq çəki göstəricisi də əsasən iri və intensiv heyvandarlıq təsərrüfatlarına uyğundur.

"Burada da böyük intensiv təsərrüfatların nəzərdə tutulduğu hiss olunur. 600 kiloqram çəkiyə intensiv şəkildə bəslənən xüsusi cins heyvanlar çata bilir. Hazırda böyük təsərrüfatların əksəriyyətində heyvanlar qeydiyyatdadır. Damazlıq təsərrüfatlarda yetişdirilən heyvanlar, kiçik və böyük kökəltmə müəssisələri var. Bu baxımdan prosesə buradan başlanılması daha rahatdır", - o, qeyd edib.

Bununla belə, ekspert 600 kiloqram və daha yüksək diri çəkiyə malik iribuynuzlu heyvanlara subsidiya verilməsinin ölkədə ət istehsalının artırılmasına ciddi təsir göstərəcəyinə şübhə ilə yanaşır.

"Mən iribuynuzlu heyvanların 600 kiloqram çəki üzərindən subsidiyalaşdırılmasının ət istehsalının artırılması baxımından çox real nəticə verəcəyi qənaətində deyiləm. Böyükbaş heyvanlar onsuz da balaca yaşda və az çəkidə kəsilmir. Normal kökəltmə səviyyəsinə gəlməmiş heyvanı bazarda satmaq mümkün deyil, ətin keyfiyyəti də aşağı olur. Fermer normal mənfəət əldə edə bilmədiyi üçün heyvanı həmin yaşda kəsməz. Təsərrüfatı bilən insanlar bunu bilir", - C.İbrahimli bildirib.

Ekspertin sözlərinə görə, aşağı çəkidə və erkən yaşda kəsim problemi daha çox xırdabuynuzlu heyvanlarda müşahidə olunur. Bu səbəbdən həmin istiqamətdə ayrıca tədbirlərin nəzərdə tutulması daha böyük effekt verə bilər:

"Daha çox xırdabuynuzlu heyvanlar az çəkidə və kiçik yaşda kəsimə gedir. Xırdabuynuzlu heyvanlarla bağlı məsələyə bu istiqamətdən də baxılsaydı, düşünürəm ki, bunun böyük effekti olardı".

C.İbrahimli əlavə edib ki, iribuynuzlu heyvanların baş sayının və ət istehsalının artırılması baxımından südçülük və yüksək məhsuldar damazlıq heyvanlarla bağlı nəzərdə tutulan digər subsidiya mexanizmləri daha təsirli ola bilər.

"İribuynuzlu heyvanlarla bağlı südçülük təsərrüfatlarına süd subsidiyasının verilməsi nəzərdə tutulur. Təxminən hər litr üçün 7 qəpik subsidiya nəzərdə tutulub. Əlavə olaraq intensiv, damazlıq, yüksək məhsuldar, bala verən heyvanların saxlanılması üçün illik təxminən 500 manat civarında vəsait ayrılacaq. Məncə, bu iki faktor iribuynuzlu heyvanların baş sayının artmasına və ət istehsalının artırılmasına daha çox dəstək verəcək", - ekspert yekunlaşdırıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)