Türkiyənin İstanbul şəhərində 8 ildir axtarışda olan məhkum qadın qiyafəsində saxlanılıb. Məlum olub ki, Tuğrul Başar adlı şəxs gizlənmək üçün bacısının şəxsiyyət vəsiqəsindən istifadə edib.
Milli.Az bildirir ki, İstanbul Polis İdarəsinin Asayiş Şöbəsinin Axtarışda olan şəxslər bürosunun əməkdaşları barələrində qüvvəyə minmiş həbs cəzası olan şəxslərin tutulması üçün əməliyyat keçiriblər.
Araşdırma zamanı müəyyən edilib ki, Tuğrul Başar 2010-cu ildə Samsunda səlahiyyəti olmadığı halda özünü rəsmi şəxs kimi təqdim edərək oğurluq törətdiyinə görə üç ayrı həbs cəzası alıb. O, 28 fevral 2018-ci ildən axtarışda olub.
Polis Başarın Kadıköydə olduğunu müəyyən edib. Aparılan araşdırmalar zamanı onun tutulmamaq üçün qadın qiyafəsində gəzdiyi üzə çıxıb.
Tuğrul Başar polis tərəfindən saxlanılıb. Onun üzərindən bacısına məxsus şəxsiyyət vəsiqəsi tapılıb. Məlum olub ki, o, illərdir bu sənəddən istifadə edərək gizlənməyi bacarıb.
Başar barəsində başqasına məxsus şəxsiyyət məlumatlarından istifadə etmə maddəsi ilə də araşdırma başlanıb. O, prosedurların davam etdirilməsi üçün Kadıköy İskele Polis Mərkəzinə təhvil verilib. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)