Azərbaycanın dahi bəstəkarı və pianoçusu Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay Teatrında sentyabrın 6-da Dövlət Caz Orkestrinin 85 illiyinə həsr olunmuş xüsusi musiqi gecəsi keçirilib.
Milli.Az xəbər verir ki, Trend-in tədbirdən olan əməkdaşının verdiyi məlumata görə, konsert sadəcə yubiley tədbiri deyil, Azərbaycan cazının başlanğıcından müasir səslənişinə qədər keçdiyi zəngin və maraqlı musiqi yoluna səyahət olub.
Qeyd edək ki, məhz 6 sentyabr 1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində maestro Niyazinin və görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərliyi ilə Dövlət Caz Orkestrinin ilk konserti baş tutub. Məhz bu tarixi hadisə Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindən birinin başlanğıcı olub.
85 il sonra caz yenidən həmin səhnədə səslənərək müxtəlif nəsilləri, üslubları və musiqi ənənələrini bir araya gətirib. Yubiley gecəsi əfsanəvi sənətkarların yaratdığı zəngin musiqi irsi ilə cazın müasir interpretasiyası arasında özünəməxsus dialoqa çevrilib.
Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Gecədə tanınmış mədəniyyət xadimləri, yaradıcı ziyalılar, musiqiçilər və gənclər iştirak ediblər.
Gecənin aparıcısı tanınmış radio və televiziya aparıcısı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub. O, Azərbaycan cazının 1930-cu illərdən başlayan inkişaf tarixindən bu günə qədər keçdiyi mərhələlərdən danışıb, milli cazın formalaşmasına və təbliğinə mühüm töhfələr vermiş görkəmli sənətkarların yaradıcılığına diqqət çəkib.
85 il sadəcə yubiley rəqəmi deyil. Bu, nəsillərin dəyişdiyi, üslubların və musiqi tendensiyalarının yeniləndiyi, lakin caz sevgisinin dəyişməz qaldığı bütöv bir musiqi epoxasıdır. Yubiley konserti bir daha göstərib ki, cazın dili zaman və məkan sərhədlərini aşaraq insanları birləşdirmək gücünə malikdir.
Konsert proqramında Azərbaycan musiqisinin görkəmli bəstəkarlarının yaradıcılığına xüsusi yer ayrılıb. Səhnədə Tofiq Quliyev, Emin Sabitoğlu və Bəhram Nəsibovun əsərləri, müəllif kompozisiyaları, eləcə də unudulmaz Mirzə Babayevin repertuarından tanınmış əsərlər səsləndirilib.
Gecənin ən parlaq məqamlarından biri tanınmış müğənni və musiqiçi Arzu Həsənlinin müəllif etno-caz proqramı olub. Onun ifasında müasir caz intonasiyaları milli musiqinin zəngin irsi ilə vəhdət təşkil edərək ənənəvi musiqi mədəniyyətinin müasir caz estetikası ilə nə qədər harmonik səslənə bildiyini nümayiş etdirib.
Konsertin xüsusi iştirakçısı Təbrizdə anadan olmuş, hazırda İstanbulda yaşayan, etnik azərbaycanlı caz ifaçısı Sənəm Əbdüləzizadə olub. Onun çıxışı Azərbaycan musiqi mədəniyyətinin ölkə hüdudlarından kənarda da yaşadığını və inkişaf etdiyini bir daha nümayiş etdirib.
Sənətçilərin çıxışları Əməkdar artist Eldar Məmmədovun rəhbərlik etdiyi kollektivin müşayiəti ilə baş tutub.
Gecənin digər xüsusi qonağı tanınmış tarzən-virtuoz Şəhriyar İmanov olub. Onun öz triosu ilə çıxışı ənənəvi Azərbaycan tarının zəngin səslənişi ilə caz improvizasiyasının azad ruhu arasında möhtəşəm sintez yaradıb.
Tədbirin təşkilatçısı Rüfət Ələsgərovun sözlərinə görə, Dövlət Caz Orkestrinin 85 illiyinin qeyd olunması yalnız musiqiçilər üçün deyil, bütövlükdə ölkənin mədəni həyatı üçün əlamətdar hadisədir.
"Azərbaycan cazı öz yolunu davam etdirir - böyük sənətkarların irsini qoruyaraq, yeni musiqi meyillərini mənimsəyərək və yeni adlar üzə çıxararaq. Bu isə o deməkdir ki, onun tarixi davam edir. Bizim üçün bu tarixi məhz 85 il əvvəl orkestrin ilk konsertinin keçirildiyi səhnədə qeyd etmək xüsusilə vacib idi. Biz yalnız keçmişi xatırlamaq deyil, həm də Azərbaycan cazının yaşadığını, inkişaf etdiyini və nəsilləri birləşdirməyə davam etdiyini göstərmək istəyirdik", - deyə Rüfət Ələsgərov bildirib.
Yubiley konserti Dövlət Caz Orkestrinin zəngin tarixinə ehtiram nümayiş etdirməklə yanaşı, gələcəyə yönəlmiş baxış da olub. Çünki caz daim dəyişən, yenilənən, lakin öz əsas mahiyyətini - azadlığı, improvizasiyanı və insanın duyğularına sözsüz toxunmaq gücünü qoruyan musiqidir.
Dövlət Caz Orkestrinin ilk konsertindən 85 il sonra bu musiqi yenidən tarixi səhnədə öz sözünü deyib. Yubiley gecəsi bir daha göstərib ki, ənənəni qorumağın ən yaxşı yolu onu yaşatmaq, yeni nəfəs vermək və gələcək nəsillərə ötürməkdir.
Azərbaycan cazının tarixi isə davam edir - yeni səslərlə, yeni ifalarla və yeni musiqi hekayələri ilə.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)