Türkiyənin Konya vilayətinin Seydişehir rayonunda 80 yaşlı Gülsüm A. ilə bağlı maraqlı hadisə baş verib.
Milli.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, təqaüdünü almaq üçün getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olan qadının onunla dostluğu zaman keçdikcə sevgiyə çevrilib.
Gülsüm A. bir gün xəstəxanaya gedəcəyini deyərək evdən çıxıb. Lakin axşama qədər geri qayıtmayınca ailəsi onun üçün narahat olaraq axtarışlara başlayıb. Qadının xəstəxanaya getmədiyi müəyyənləşdikdən sonra məsələ ilə bağlı jandarmaya məlumat verilib.
Bir neçə gün davam edən axtarışların ardından Gülsüm A.-nın Kazım Y. ilə birlikdə olduğu üzə çıxıb. Jandarma əməkdaşlarının apardığı araşdırma zamanı qadının öz istəyi ilə Kazım Y.-nin yanında olduğu və onunla evlənmək niyyətində olduğu məlum olub.
Gülsüm A.-nın ailəsi əvvəlcə baş verənlərdən şoka düşsə də, onun sağ-salamat tapılmasını təsəlli kimi qiymətləndirib.
Hadisə ilə bağlı daha bir diqqətçəkən məqam isə qadının oğlu Əhməd A.-nın baş verənləri eşitdikdən sonra infarkt keçirməsi olub.
Ailə bütün yaşananlardan sonra Gülsüm A. və Kazım Y.-nin rəsmi nikaha daxil olaraq birlikdə xoşbəxt həyat sürmələrini arzuladıqlarını bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)