Bu ilin üçüncü rübündə Ukrayna və Yaxın Şərqdəki münaqişələr səbəbindən dünyada mazut qıtlığı gözlənilir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Reuters" agentliyinin sorğusunda iştirak edən analitiklər hadisələrin bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırıblar.
Məlumata görə, istehsalçıların üzləşdiyi çətinliklər səbəbindən gəmilər və elektrik stansiyaları üçün yanacaq çatışmazlığı proqnozlaşdırılır:
"Rusiyada və Fars körfəzi ölkələrində neft emalı zavodlarına (NEZ) endirilən zərbələr nəticəsində istehsal prosesləri pozulub, dəniz ticarəti də çətinləşib.
Tədarüklərin azalması onsuz da fəaliyyətlərində fasilələrlə üzləşən gəmi sahibləri və elektrik enerjisi istehsalçılarının xərclərinin daha da artması təhlükəsini yaradır. Ən çox Asiyanın zərər çəkəcəyi gözlənilir, çünki region tədarükündə fasilələr yaranan Fars körfəzi ölkələrindən idxaldan daha çox asılıdır. "Kpler"in idxal məlumatlarına əsasən, dünyanın ən böyük bunkerləmə habı olan Sinqapur tələbatını ödəmək üçün tələb olunan, gündəlik təxminən 1 milyon barel həcmində mazutun yarıdan çoxunu idxal edir".
""Energy Aspects" konsaltinq şirkətinin proqnozuna görə, üçüncü rübdə mazut çatışmazlığı gündəlik 218 min barel təşkil edəcək", - deyə məlumatda qeyd edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)