Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir - (Video)

7 Sentyabr 2026 09:57

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığından məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər gücləndirilir.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında bildirilib.

Qeyd olunub ki, yeni tədris ilinin başlaması ilə məktəblərin ətrafında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağı nəzərə alınaraq, həmin ərazilərdə yol hərəkətinə nəzarət gücləndirilir.

Məktəblərin yerləşdiyi ərazilərdə yol hərəkətinin təşkili vəziyyəti araşdırılır, mövcud yol nişanları və nişanlanma xətləri nəzərdən keçirilir. Aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Bununla yanaşı, məktəblərin qarşısındakı piyada keçidlərinin, yol nişanlarının və digər texniki vasitələrin vəziyyətinə xüsusi diqqət yetirilir.

Tədbirlərin əsas məqsədi şagirdlərin məktəbə gediş-gəlişi zamanı təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)