Britaniyanın avtomobil istehsalçısı "Jaguar Land Rover" (JLR) xərcləri azaltmaq məqsədilə növbəti iki il ərzində 4 minədək iş yerini ixtisar etməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, şirkət artıq maaşlı əməkdaşlar və menecerlər üçün könüllü ixtisar proqramına start verib. Bununla belə, JLR yekun olaraq neçə iş yerinin ləğv ediləcəyini hələ açıqlamayıb.
Şirkət qarşıdakı iki il ərzində ümumilikdə 1,7 milyard funt-sterlinqə qədər qənaət etməyi qarşısına məqsəd qoyub. Bu qərarın avtomobil satışlarında müşahidə olunan zəifləmə, ABŞ tarifləri və Çin avtomobil istehsalçılarının bazarda artan rəqabəti ilə əlaqəli olduğu bildirilir.
Hazırda JLR-nin Böyük Britaniyada təxminən 30 min əməkdaşı çalışır.
Şirkət xərclərin optimallaşdırılması ilə yanaşı, elektrikli avtomobillər istiqamətindəki planlarını da davam etdirir. JLR yaxın zamanda tam elektriklə çalışan "Range Rover" modelini təqdim edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)