Putin Trampın elçiləri ilə 3 saatdan çox görüşüb

6 Sentyabr 2026 11:10

Rusiya Prezidenti Vladimir Putin Moskvaya səfər edən ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, görüş üç saatdan çox davam edib və "məzmunlu, konstruktiv, son dərəcə səmimi və etibarlı" şəraitdə keçib.

Yuri Uşakov qeyd edib ki, Uitkoff və Kuşner Kiyevdə keçiriləcək qarşıdakı görüşlər zamanı Putinlə danışıqlarda əldə etdikləri qiymətləndirmələrdən istifadə edəcəklərinə söz veriblər.

Putin görüş zamanı Ukraynadakı hərbi əməliyyatlarla bağlı "hərtərəfli qiymətləndirməsini" təqdim edib və münaqişənin köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

"Uitkoff və Kuşner münaqişənin həlli ilə bağlı təkliflərini təqdim ediblər. Tərəflər, həmçinin Rusiya və ABŞ arasında mümkün birgə layihələri müzakirə ediblər", - deyə Uşakov bildirib.

Kremlin rəsmisi əlavə edib ki, Putin və Tramp şəxsi təmaslarını davam etdirəcəklər. Uitkoff və Kuşner isə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində işi davam etdirəcəklər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)