Ukrayna sentyabrın 6-na keçən gecə Rusiyanın Ryazan şəhərində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Həmçinin Rusiyanın müxtəlif şəhərlərində də PUA hücumları qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə monitorinq kanalları və yerli hakimiyyət orqanları məlumat yayıb.
"Exilenova Plus" "Telegram" kanalı Rostov vilayətinin Bataisk şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
"Astra"nın məlumatına görə, Rostov-na-Donu şəhərində də partlayış səsləri eşidilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücumu təsdiqləyib. Onun sözlərinə görə, şəhərdə üç yaşayış binasına ziyan dəyib, bir uşaq isə xəstəxanaya yerləşdirilib.
"Exilenova Plus"un məlumatına görə, Rusiyanın qərbində yerləşən Ryazan şəhərindəki neft emalı zavoduna da PUA-larla zərbələr endirilib. Hücum nəticəsində zavod ərazisində yanğın baş verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)