Opera ənənəvi səhnə çərçivəsindən kənara çıxır: Azərbaycanda bu il xüsusi əhəmiyyət daşıyan Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı başlayır. Ölkənin ən möhtəşəm opera layihələrindən biri olan festival bu dəfə Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Fidan Hacıyevanın 50 illik yubileyinə və 30 illik yaradıcılıq fəaliyyətinə həsr olunur.
Festivalın açılışı ərəfəsində Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin Mezzo zalında klassik musiqi gecəsi keçirilib. Səhnədə məktəbin yetirmələri ilə yubilyarın çıxışı bir araya gəlib və tamaşaçılara üçaylıq opera marafonunun özünəməxsus musiqi prelüdünü yaşadıb.
Tədbiri açan Fidan Hacıyeva qarşıdakı festivalın miqyası barədə məlumat verib. 7 sentyabrdan 7 dekabradək davam edəcək musiqi tədbirləri Bakını, Azərbaycanın müxtəlif bölgələrini, eləcə də xarici ölkələri əhatə edəcək. Beynəlxalq proqram çərçivəsində müğənninin Paris, London, Milan və Minskdə çıxışları nəzərdə tutulur.
Festival yalnız konsert proqramlarının silsiləsi deyil, həm də genişmiqyaslı mədəni-maarif platforması kimi nəzərdə tutulub. Zəngin proqram çərçivəsində opera və kamera musiqisi gecələri, simfonik konsertlər, ustad dərsləri, ədəbi-bədii görüşlər və maarifləndirici tədbirlər keçiriləcək. Layihələrin bir hissəsi ölkənin aparıcı ali təhsil müəssisələrində təşkil olunacaq. Bu isə klassik musiqini gənc nəslə daha da yaxınlaşdırmağa imkan verəcək.
Festival proqramında xüsusi yer tutan "Gənc səslər gələcəyə səslənir" layihəsinin əsas məqsədi yeni istedadların üzə çıxarılması və gənc vokalçıların peşəkar inkişafı üçün real imkanların yaradılmasıdır. Gənc və yeni fəaliyyətə başlayan ifaçılar tanınmış sənətkarlarla eyni səhnəni bölüşəcək, solo konsertlərdə iştirak edəcək və öz istedadlarını peşəkar auditoriyaya təqdim etmək imkanı qazanacaqlar.
Beləliklə, festival yalnız tanınmış sənət ustalarının yaradıcılığını nümayiş etdirən tədbir deyil, həm də nəsillər arasında özünəməxsus körpü rolunu oynayan bir sənət məkanıdır. Burada milli vokal məktəbinin ənənələri yeni səslərlə qovuşur.
Tədbirdə çıxış edən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Kənul Hüseynova və Əməkdar artist Dilarə Əliyeva da bu məqama diqqət çəkiblər. Onların sözlərinə görə, festival Azərbaycan mədəni həyatında xüsusi yer tutur, opera sənətinin inkişafını, gənc istedadların dəstəklənməsini və beynəlxalq mədəni əməkdaşlığın genişləndirilməsini özündə birləşdirir.
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının təntənəli açılışı 7 sentyabrda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.
Üçaylıq festivalın əsl musiqi kulminasiyası isə 7 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək möhtəşəm "Karmen. Sənətkarın həyatının yarım əsri" adlı qala-konsert olacaq.
Konsertin adı da rəmzi məna daşıyır: 50 illik yubileyi ərəfəsində Fidan Hacıyeva həyatının mühüm bir hissəsini həsr etdiyi musiqinin əhatəsində səhnəyə çıxacaq. Proqramda Jorj Bizenin məşhur "Karmen" operasından seçilmiş fraqmentlərlə yanaşı, Azərbaycan və dünya klassik musiqisinin ən gözəl nümunələri səslənəcək.
Möhtəşəm yekun konsertdə Niyazi adına Dövlət Simfonik Orkestri Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə çıxış edəcək. Konsertə, həmçinin tanınmış İspaniya flamenko kollektivi də qatılacaq.
Simfonik musiqinin gücü, operanın dramatizmi və ispan flamenkosunun coşqun temperamentinin vəhdəti festivalın finalını əsl beynəlxalq musiqi bayramına çevirəcəyini vəd edir.
Üç ay, onlarla konsert proqramı, tanınmış ifaçılarla görüşlər və yeni adlar - festival göstərməyi qarşısına məqsəd qoyur ki, Azərbaycanda opera sənəti zəngin ənənələrini yalnız qorumaqla kifayətlənmir, eyni zamanda yeni istiqamətlərə doğru inkişaf edir və yeni üfüqlər açır.
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı gənc vokalçıların dəstəklənməsi, klassik musiqinin təbliği və Azərbaycanın zəngin musiqi irsinin ölkə hüdudlarından kənarda tanıdılması baxımından mühüm sənət platformasına çevriləcək.
Və bəlkə də məhz festivalın səhnələrindən birində sabah Azərbaycan operasının yeni ulduzuna çevriləcək sənətkarın səsi ilk dəfə böyük auditoriyaya çatacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az