Berlin şəhərində sentyabrın 8-də kuratoru azərbaycanlı Züleyxa İbad olan "Familiar Strangers: On the Mutations of the Everyday" qrup sərgisi açılacaq. Layihə 15-ci Berlin Art Week çərçivəsində keçirilən HOLOBIONT 2026 proqramının bir hissəsidir.
Sərgidə Polşadan Ewelina Węgiel və Anna Raczyńska, Bolqarıstandan isə Viktor Petrov iştirak edir. Hər üç sənətçi Almaniyada yaşayır və fəaliyyət göstərir.
Ekspozisiya gündəlik həyatın transformasiyası, yaddaş, miqrasiya və postsosialist təcrübə mövzularına həsr olunub. Sənətçilər gündəlik həyatda istifadə olunan tanış əşya və məkanları yenidən mənalandıraraq onları qeyri-adi bədii obrazlara çevirirlər.
Sərginin adı - "Familiar Strangers" ("Tanış yadlar") - amerikalı sosial psixoloq Stenli Milqrem tərəfindən irəli sürülmüş anlayışa istinad edir. Bu anlayış gündəlik olaraq gördüyümüz, lakin heç vaxt ünsiyyət qurmadığımız insanları ifadə edir. Kurator bu prinsipi gündəlik əşyalara da tətbiq edir: onları o qədər yaxşı tanıyırıq ki, artıq fərqinə varmırıq.
"Bu sərginin işləri yaxınlıqdan bəhs edir. Heç vaxt danışmadığın insanla yanaşı yaşamaqdan. İstifadə etdiyin, amma heç vaxt həqiqətən nəzərdən keçirmədiyin əşyalardan. Sərhədi keçdikdən sonra başqa ölkədə eyni mətbəxlə qarşılaşmaqdan", - deyə Züleyxa İbad qeyd edir.
Sərgi Berlının Zehlendorf rayonunda yerləşən, təxminən 16 min kvadratmetr ərazini əhatə edən RWK Studios by 3CA sənət kompleksində təşkil olunacaq.
Sərginin açılışı sentyabrın 8-də saat 16:00-dan 20:00-dək keçiriləcək. Proqram çərçivəsində sənətçilərlə görüşlər, kurator ekskursiyaları, performanslar, canlı musiqi çıxışları və Open House tədbiri də təşkil olunacaq.
"Familiar Strangers: On the Mutations of the Everyday" sərgisi sentyabrın 13-dək davam edəcək. Giriş sərbəstdir.