Nepalda daşqın və sürüşmə: Ölənlərin sayı 1 287-yə çatdı

4 Sentyabr 2026 16:52

Nepalda baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1 287 nəfərə çatıb.

Milli.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Nepalın Fəlakət Risklərinin Azaldılması və Aradan Qaldırılması Milli İdarəsi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 1 287 nəfər həyatını itirib. Hazırda təxminən 5 000 nəfər itkin hesab olunur. Xilas edilənlərin sayı isə 13 000-i ötüb.

Qeyd edək ki, bundan əvvəl ölənlərin sayının 1 252 nəfər olduğu açıqlanmışdı.

Xatırladaq ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın və torpaq sürüşməsi baş verib. Fəlakətə Çin sərhədində yerləşən "Rasuvaqadhi" keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qar uçqununun səbəb olduğu bildirilir.

Güclü sel və dağ süxurları çay yatağı istiqamətində 70 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrinə ciddi ziyan vurub və geniş əraziləri su altında qoyub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)