Azərbaycanda qızıl qaçaqmalçılığı ilə bağlı 5 nəfərə hökm oxundu

4 Sentyabr 2026 14:50

Azərbaycanda qızıl qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə 5 nəfərə hökm oxunub.

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iş üzrə qərar elan olunub.

Hökmə əsasən, Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

Təqsirləndirilən şəxslərdən üçü məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, onlar ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər 2025-ci ilin sentyabrında qızıl məmulatlarını qaçaqmalçılıq yolu ilə Türkiyəyə apararaq satmaq və əldə olunacaq gəliri bölüşdürmək barədə razılığa gəliblər.

Bu məqsədlə ümumilikdə 215 min manat vəsait toplanıb. Daha sonra Bakı şəhərinin Nəsimi rayonunda yerləşən "Moskva" ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridilərək təmiz halda 999 əyarlı boyunbağı və qolbaqlar hazırlanıb.

Hazırlanan qızıl məmulatlarının ümumi dəyərinin 213 594 manat, çəkisinin isə 984,94 qram olduğu müəyyənləşib.

İstintaq materiallarına əsasən, qızılların gömrük nəzarətindən gizlədilməsi üçün Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra onlar Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.

Məlumata görə, Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib, Cəlil M. isə ona kömək göstərib. Vüsal S., Afiq A. və Rəvan Ə.-nin isə qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak etdikləri bildirilib.

Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, digər üç şəxs isə 32 və 206.3.2-ci maddələri ilə təqsirli biliniblər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)