Rəqqasə Rəna Ağamuradova (Renka) qızının məktəbdə yaşadığı hadisə ilə bağlı diqqətçəkən açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qızı ilə eyni sinifdə oxşar görünüşə malik başqa bir qızın vape çəkərkən görüntüləndiyi və müəllimlərin həmin uşağı onun qızı hesab etdiyi iddia olunub.
Renkanın sözlərinə görə, müəllimlər daha sonra bütün sinfin qarşısında qızının çantasını boşaldıb və onu təhqir ediblər:
"Övladım məktəbə gedir. Orada qızım kimi eynəkli bir qız da oxuyur. Onu sinif yoldaşı ilə "vape" çəkən yerdə görüblər. Müəllimlər də elə biliblər ki, mənim qızımdır. Bütün sinfin içində mənim qızımın çantasını boşaldıblar, təhqir ediblər ki, 'rəqqasənin qızıdır da, "vape" çəkən bu olacaq'. 11 yaşlı uşağa bu sözü demək olar?"
Rəqqasə sonradan hadisənin yanlış anlaşılma olduğunu və "vape" çəkən şəxsin onun qızı olmadığının sübuta yetirildiyini bildirib.
Renka müəllimdən üzr istəməsini tələb etdiyini də qeyd edib. Onun sözlərinə görə, uşağın bütün sinfin qarşısında alçaldıldığını nəzərə alaraq, üzr də eyni şəkildə hamının yanında istənilməli olub:
"Axırda sübut olundu ki, mənim övladım deyil. O müəllimənin başına oyun açdım. Böhtanına görə dedim ki, necə ki, bütün sinfin içində onu alçaltmısan, eləcə də hamının yanında üzr istəməlisən".
Sənətçi açıqlamasının sonunda valideyn kimi narazılığını belə ifadə edib:
"Nə olsun ki, rəqqasəyəm? Elədir, mənim övladım pozğun olmalıdır? Ya mən pozğunam?".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)