Məsələ ilə bağlı məktəbəqədər təhsil müəssisəsinin müdiri Aytən Hüseynova ilə əlaqə saxladıq.
A.Hüseynova bildirib ki, valideynin qeyd etdiyi xəsarət halları uşağın yıxılaraq alnını stula vurması nəticəsində yaranıb. Onun sözlərinə görə, hadisənin görüntüsü valideynə təqdim edilib.
Müdir digər xəsarət və zorakılıq iddialarını isə qəbul etməyib. Bildirib ki, müəssisədə otaqlar video nəzarətdədir və uşaqlara qarşı hər hansı təzyiq və ya zorakılıq tətbiq olunması halı qeydə alınmayıb.
A.Hüseynova uşaqların aktiv olduqlarını və oyun zamanı bədənin müxtəlif nahiyələrində kiçik göyərmələrin yarana biləcəyini də qeyd edib.
O, həmçinin valideynə dəfələrlə narazı olduğu müəssisədə uşağını saxlamağın düzgün olmadığını bildirdiyini və bütün bu şikayətlərə baxmayaraq, valideynin övladını bağçadan çıxarmaq niyyətində olmadığını deyib.
Qeyd edək ki, valideyn Elnur Əliyev sosial şəbəkədə paylaşdığı məlumatda bağçada uşağının müxtəlif nahiyələrində göyərmələr yarandığını və sonuncu dəfə 7 saat ərzində pampersinin dəyişdirilmədiyini iddia edib. Bağça rəhbərliyi isə bu iddialarla razılaşmır.
______________
Bakıda fəaliyyət göstərən "Kayu" uşaq bağçası ilə bağlı valideyn tərəfindən ciddi iddialar səsləndirilib.
Milli.Az xəbər verir ki, valideyn Elnur Əliyev sosial şəbəkədə etdiyi paylaşımda 2 yaş 2 aylıq oğlunun bağçada olduğu müddətdə dəfələrlə müxtəlif nahiyələrindən göyərmiş halda evə gətirildiyini bildirib.
Onun sözlərinə görə, bağça əməkdaşları hər dəfə uşağın yıxıldığını desələr də, sonradan oğlunun bədənində çimdik izləri də aşkarlanıb.
"Bir dəfə "poposunda" çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, 'xoşunuz gəlmir, çıxarın'", - deyə valideyn qeyd edib.
Elnur Əliyev uşağının bir dəfə gözündən də xəsarət aldığını və sifətindəki göyərmənin uzun müddət keçmədiyini iddia edib.
Valideynin sözlərinə görə, 3 ay ərzində övladını bağçaya göndərməyib. Tətil başa çatdıqdan sonra uşağı yenidən həmin bağçaya aparıb. İlk günün sonunda isə oğlunun alnının göyərdiyini və şişdiyini bildirib.
Lakin valideynin əsas narazılığı uşaq evə gəldikdən sonra ortaya çıxıb. O, oğlunun boynuna qədər nəcis içində olduğunu və səhər geyindirilən pampersin 7 saat ərzində dəyişdirilmədiyini iddia edib.
"Uşağı 7 saat sidik və nəcis içində saxlayıblar", - Elnur Əliyev yazıb.
Valideyn bağçanın əməkdaşları ilə telefon danışığında məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət edəcəyini bildirdiyini, qarşılığında isə "hara istəyirsiniz, şikayət edin" cavabını aldığını iddia edib.
Məsələ ilə bağlı "Kayu" uşaq bağçasının rəhbərliyi ilə əlaqə saxladıq.
Bağçadan bildirilib ki, valideynin səsləndirdiyi iddialar həqiqəti əks etdirmir və qeyd olunan hadisə bağçada baş verməyib.
Rəhbərlik həmçinin yaranmış vəziyyətə görə valideynin məsuliyyət daşıdığını bildirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)