“Volkswagen” 50 min iş yerini ixtisar edəcək, 4 zavodun isə...

4 Sentyabr 2026 10:45

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" konserninin 2030-cu ilə qədər həyata keçirəcəyi transformasiya planı təsdiqlənib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin Müşahidə Şurası yeni planı yekdilliklə qəbul edib. Qənaət proqramı çərçivəsində qarşıdakı illərdə dünya üzrə təxminən 50 min iş yerinin ixtisar edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, konsernin dörd zavodunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb. Emden, Zvikau, Hannover və Nekkarzülm müəssisələrində 2031-2034-cü illərdən sonra rəqabətqabiliyyətli istehsalın davam etdirilməsinə dair hazırda zəmanət yoxdur.

Şirkət alternativ istifadə imkanlarının müəyyənləşdirilməyəcəyi təqdirdə həmin zavodların bağlanmasının gündəmə gələ biləcəyini açıqlayıb. Müəssisələr üçün uzunmüddətli və dayanıqlı istehsal konsepsiyasının 2027-ci ilin iyunun sonunadək hazırlanması planlaşdırılır.

"Volkswagen" rəhbərliyi hesab edir ki, yeni qənaət proqramı konsernin gələcəkdə rəqabət qabiliyyətini qoruması baxımından vacibdir. Baş icraçı direktor Oliver Blume isə qarşıdakı illərdə şirkətə bir neçə milyard avro həcmində investisiya yatırılacağını bildirib.

Almaniyanın metal sənayesi işçiləri həmkarlar ittifaqı (IG Metall) və konsernin işçi şurası zavodların bağlanması ilə bağlı hələlik rəsmi qərarın qəbul edilmədiyini vurğulayıb.

Qurumların açıqlamasında əsas məqsədin bütün istehsal məntəqələri üçün konkret və uzunmüddətli həll yollarının müəyyənləşdirilməsi olduğu qeyd edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)