İspaniya Kral Futbol Federasiyası (RFEF) qadın milli komandasının futbolçuları üçün yeni imkan yaratmağa hazırlaşır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, federasiya reproduktiv tibb klinikalarından biri ilə əməkdaşlıq barədə razılaşma imzalamağı planlaşdırır. Saziş çərçivəsində futbolçulara yumurta hüceyrələrini dondurmaq imkanı təqdim olunacaq.
"El Pais" yazır ki, təşəbbüs ikiqat "Qızıl top" sahibi Aleksiya Putelyasın müraciətindən sonra gündəmə gəlib. Futbolçu idman karyerası ilə analığı eyni vaxtda davam etdirməyin yaratdığı çətinlikləri federasiyanın diqqətinə çatdırıb.
Aleksiya Putelyas bu qərarı müsbət qiymətləndirərək bunun onun fikrincə, böyük bir irəliləyiş olduğunu bildirib. O vurğulayıb ki, federasiyanın futbolçuların bioloji yaşına baxmayaraq ölkəyə xidmət etdiyini və peşəkar fəaliyyət səbəbindən analıq imkanlarının məhdudlaşa bildiyini nəzərə alması vacibdir.
Müqavilənin bütün detalları sentyabrın ikinci yarısında açıqlanacaq. Federasiyanın hansı xərcləri qarşılayacağı, proqramdan hansı futbolçuların yararlana biləcəyi və dondurulmuş yumurta hüceyrələrinin nə qədər müddət saxlanılacağı hələ açıqlanmayıb.
Qadın futbolunda bu istiqamətdə addımların sayı son dövrlərdə artır. Daha əvvəl Londonun "Çelsi" klubu da reproduktiv tibb klinikası ilə oxşar əməkdaşlığa başlayıb. Bundan başqa, Britaniya futbolçular həmkarlar ittifaqı və İspaniyanın "Futpro" assosiasiyası da bu sahədə klinikalarla əməkdaşlıq edir.
Lakin təşəbbüsün həyata keçirilməsi ilə bağlı müəyyən çətinliklər də var. Belə ki, nə FIFA, nə də UEFA bu cür tibbi prosedurlar üçün xüsusi protokollar müəyyənləşdirib.
Bundan əlavə, yumurtalıqların stimullaşdırılması zamanı istifadə edilən bəzi preparatlar Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan olunmuş maddələr siyahısındadır. Bu səbəbdən prosedurdan keçən futbolçular üçün fərdi qaydada terapevtik istisnaların tətbiqi tələb oluna bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)