Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

4 Sentyabr 2026 01:01

Türkiyənin Ərzurum bölgəsində yaşayan 5 övlad və 43 nəvə sahibi Hacı Qırmaç babası və atasından miras qalan bığ sevgisini gənclik illərindən bəri davam etdirir. Rayon mərkəzində yaşayan Qırmaç gənclik illərindən bəri uzatdığı, keçmişdə 1,5 metrəyə çatan bığı ilə tanınır.

Milli.Az xəbər verir ki, babasından atasına, atasından da özünə keçən bığ sevgisini yaşadan Qırmaç 1980-ci illərdə televiziyada izlədiyi bir bığ yarışmasından sonra bığını daha da uzatmağa qərar verib. Illər ərzində rayonun tanınan simalarından birinə çevrilən və "Horasanlı Pala" adlandırılmağa başlanan Qırmaç 70 ildir davam etdirdiyi bərbərlik peşəsini oğlu ilə birlikdə işlətdiyi dükanda davam etdirir.

Yaşını və bığının qulluq sirrini heç kimlə paylaşmayan, 80 yaşından yuxarı olduğu bilinən Qırmaç vaxtaşırı iş yerinin qarşısında söylədiyi şeir və mahnılarla da vətəndaşların diqqətini çəkir. Hacı Qırmaç keçmişdə bığ saxlamağın daha geniş yayılmış və sevilən bir ənənə olduğunu söyləyib. Babası ilə atasının bığlarının uzun olduğunu və o zamandan bəri bığ sevdası ilə yaşadığını ifadə edən Qırmaç "Ankarada bir bığ yarışı oldu. Televiziyadan izlədim. Onun bığı mənimki kimi uzun deyildi. Yarışı o adam qazandı. 'Kaş ki mən də orada olaydım, yarışa qatılsaydım' deyə fikirləşdim. Hər halda mən qazanardım. Gecə-gündüz ağlıma gəlirdi. Sonra daha çox uzatmağa başladım", - deyə danışıb.

Bığını çox sevdiyini vurğulayan Qırmaç bunları qeyd edib: "İnsanlar gəlib mənimlə şəkil çəkdirirlər. Bığımın qulluğu çox çətindir. Çox gizli qulluq üsulları tətbiq edirəm. Sirrini heç kimə demirəm, rəqiblərim var. Rəqiblərimin bir çoxu vəfat edib. Bu qədər uzun qalmasının sirri var, amma demirəm. Nə yaşımı tam deyirəm, nə də qulluq dərmanlarımı. Artıq mənə asan gəlir, amma qulluq etmək çox çətindir. Bığıma baxmağa davam edəcəyəm. 70 ildir bərbərlik edirəm, 70 ildir bığımı uzadıram. Məni görüb uzatmaq istəyənlər də olur, amma bu, çox çətindir."

Əvvəlki illərdə bığının 1,5 metrəyə qədər çatdığını dilə gətirən Qırmaç vaxtaşırı uclarından kəssə də, uzunluğunun hələ də 1 metri keçdiyini bildirib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)