Serroz oldu, içkini buraxmadı - 7 il içində Xalq artisti adı qazanan Yaşar Nurinin həyat yoldu

3 Sentyabr 2026 18:56

Azərbaycan tamaşaçısı onu həm güldürən, həm də düşündürən obrazlarla xatırlayır. Səhnədə və ekranda yaratdığı personajlar illər keçsə də yaddaşlardan silinməyib. Amma bu məşhurluğun arxasında ağır iş rejimi, ailədən uzaq qalan günlər, sağlamlıq problemləri və həyatının son illərində yaşadığı çətinliklər də dayanıb.

Milli.Az lent.az-a istinadla "Unudulan sənətkarlar" rubrikasında bu dəfə Xalq artisti Yaşar Nurinin həyat və yaradıcılıq yoluna nəzər salır.

"Sovetski"də keçən uşaqlıq - adının mahiyyəti

Yaşar Nuri 3 sentyabr 1951-ci ildə Bakıda dünyaya gəlib. Yaşar Nuri uşaqlığını Bakının "Sovetski" məhəlləsində keçirib. Özü həmin illəri xatırlayarkən küçədə futbol oynadıqlarını, damlara çıxıb məhəlləni seyr etdiklərini danışır və sənətdə formalaşmasında atasının, eləcə də məhəllənin böyük rolunun olduğunu deyirdi. Yaşar Nurinin adının qoyulmasının da maraqlı tarixçəsi var. O dünyaya gələndə atası Məmmədsadıq Nuriyev Gəncə Teatrında Cəfər Cabbarlının "Yaşar" pyesində Əliqulu obrazını canlandırırdı. Əvvəlcə oğluna Əliqulu adını vermək istəyən aktyor sonradan fikrini dəyişərək əsərin baş qəhrəmanının adını seçib və ona Yaşar adını verib.

Yaşar Nuri 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirərək Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1972-ci ildə ali məktəbi başa vurub və bir il hərbi xidmət keçdikdən sonra Tədris Teatrında çalışmağa başlayıb. 1974-cü ilin dekabrında isə Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrının truppasına qəbul edilib.

Atadan oğula keçən sənət

Onun sənətə gəlməsi təsadüfi deyildi. Atası Məmmədsadıq Nuriyev teatr və kino aktyoru olub. O, "Yeddi oğul istərəm", "Ulduz", "Sehrli xalat", "Uşaqlığın son gecəsi" kimi məşhur filmlərdə rol almışdı.  Yaşar Nuri uşaqlıqdan atasının məşqlərinə və tamaşalarına gedirmiş. Elə ilk səhnə şansı da gözlənilmədən yaranıb. "Toy kimindir?" tamaşasında Tapdıq rolunu oynayan aktyor xəstələnəndə balaca Yaşarın həmin tamaşanı dəfələrlə izlədiyi və mətni demək olar ki, əzbər bildiyi yada düşüb. O, qısa müddətdə səhnəyə hazırlanıb və həmin axşam Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli və öz atası ilə eyni səhnəyə çıxıb. O zaman cəmi 11-12 yaşı vardı. Əslində, o vaxta qədər televiziya da ona yad deyildi. 10 yaşından Azərbaycan televiziyasının uşaq verilişlərində görünür, "Yelkən" verilişinin aparıcılarından biri olur, "Buratino", "Qaranquş", "Pioner" kimi proqramlarda iştirak edirdi.

Səhnədə gülərüz, evdə ciddi kimliyi

Yaşar Nurinin 24 yaşında qohumu Rəhimə xanımla ailə həyatı qurub. Onların Ülviyyə və Ülkər adlı iki qızı dünyaya gəlib. Qızı Ülviyyənin xatirələrinə görə, Yaşar Nuri işlərinin çoxluğu səbəbindən evdə az olurmuş. Ailəsi onun üçün əziz olsa da, çəkilişlər, məşqlər və tamaşalar aktyorun vaxtının böyük hissəsini alırdı. Ülviyyə atasının müəyyən məsələlərdə mühafizəkar olduğunu, amma övladlarına seçim azadlığı verdiyini də söyləyib. 

Sənət yolu

Yaşar Nurinin yaradıcılıq həyatı isə olduqca zəngin idi. O, 50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan televiziyasında 100-dən artıq tamaşa, kompozisiya və satirik səhnəcikdə iştirak edib. "Yol əhvalatı" filmindəki Makintoş, "Bəyin oğurlanması"ndakı İsrafil, "Yaramaz"dakı Maşallah, "Qətl günü"ndəki Mahmud doktor onun ən yadda qalan kino obrazlarındandır. "Fransız", "Nakəs", "Yoxlama", "Nə gözəldir bu dünya..." kimi filmlərdə də fərqli xarakterlər yaradıb.

Yaşar Nurinin yaradıcılığında "Mozalan" satirik kinojurnalının da xüsusi yeri olub. Aktyor kinojurnalın 20-dən çox bədii süjetində çəkilərək müdir, sərnişin, sərxoş və başqa satirik obrazlar yaradıb. "Mozalan"ın yaradıcı heyətinin xatirələrinə görə, Yaşar Nuri kinojurnalı teatr qədər sevir, "Azərbaycanfilm"ə yolu düşəndə "Mozalan" redaksiyasına baş çəkməyi də unutmurdu.

Firəngiz Mütəllimova ilə olan hissləri

Yaşar Nurinin sənət həyatında Firəngiz Mütəllimova ilə tərəfdaşlığının da xüsusi yeri olub. Onlar ilk dəfə 1981-ci ildə ekranlaşdırılan "Səni axtarıram" televiziya tamaşasında tərəf müqabili olublar. Yaşar Nuri Elçin, Firəngiz Mütəllimova isə Gülnar obrazını canlandırıb.

Tamaşadan sonra aktyorların ekran münasibəti tamaşaçılar arasında böyük marağa səbəb olub, hətta onların real həyatda da bir-birinə qarşı hisslərinin olması barədə söz-söhbətlər yayılıb. Firəngiz Mütəllimova sonralar verdiyi müsahibələrdə Yaşar Nurini "gənclik sevgisi" adlandırsa da, aktyorun ona heç vaxt "səni sevirəm" demədiyini bildirib. Aktrisanın sözlərinə görə, onlar illər boyu çox yaxın dost olublar və Yaşar Nuri onu hər zaman qoruyub, qayğı göstərib.

Atasına ömürlük borcu

1982-ci ilin dekabrında Yaşar Nuri üçün yaddaqalan hadisələrdən biri baş verir. Həmin vaxt "Kommunist" nəşriyyatında çalışan dostu İlham Rəhimli ona zəng edərək Əməkdar artist fəxri adına layiq görüldüyünü xəbər verir. Rəhimli aktyora adını qəzet üçün hazırlanan siyahıda şəxsən gördüyünü və xəbərin ertəsi gün dərc olunacağını bildirir.

Yaşar Nuri isə sevincindən səhəri gözləyə bilmir və elə həmin axşam nəşriyyata gedir. Çapa hazırlanan qəzet səhifəsində öz adını görəndən sonra dostuna muştuluq olaraq fransız köynəyi verəcəyini deyir. Ancaq sevincinin ardınca birdən kövrəlir. Atasını xatırlayan aktyor onun uzun illər səhnədə çalışmasına baxmayaraq, heç bir fəxri ada layiq görülmədiyinə görə təəssüflənir. Cəmi 7 il sonra Xalq artisti fəxri adına layiq görülür. 

İçkinin məhv etdiyi həyat

Yaşar Nurinin həyatında içkiyə bağlılıq zaman keçdikcə ciddi problemə çevrilmişdi. Onunla bağlı danışılan hadisələrdən biri Azərbaycan Dövlət Televiziyasında Yeni il proqramının çəkilişi zamanı baş verib. Şaxta baba obrazını canlandıran aktyorun çəkilişə içkili vəziyyətdə gəlməsi iş prosesində çətinlik yaradıb. 

İllər keçdikcə bu həyat tərzi onun səhhətinə də təsirsiz ötüşməyib. Qaraciyərində yaranan ciddi problemlər nəticəsində Yaşar Nuri ağır müalicə prosesi keçib və ona qaraciyər transplantasiyası edilib. Əməliyyatdan sonra yaxınları və sənət dostları aktyorun əvvəlki həyat tərzindən uzaqlaşaraq sağlamlığına daha ciddi yanaşacağına ümid edirdilər. Lakin sonrakı illərdə onun səhhətində problemlər yenidən artmağa başlayıb. Buna səbəb isə aktyorun həkim məsləhətini dinləməsi olub.

"Bir dənə rol oynayım..."

Ömrünün son illərində isə ekranlarda hamını güldürən aktyor özü ciddi sağlamlıq problemləri ilə üz-üzə qalıb. 2011-ci ildə verdiyi müsahibədə Yaşar Nuri xəstəliyinin onu çox sıxdığını, əvvəlki tempdə işləyə bilməməyin ona ağır gəldiyini söyləyirdi. Həmin vaxt qaraciyəri ilə bağlı müalicəsinin başa çatdığını, daha sonra isə beynində oksigen çatışmazlığı ilə əlaqədar müalicə aldığını bildirmişdi. Türkiyədə həkim nəzarətində olan aktyor bütün bunlara baxmayaraq yenidən səhnəyə qayıtmaq istəyirdi.

Onun sənətə bağlılığını qızı Ülkərin danışdığı başqa bir hadisə də göstərir. Yaşar Nuri Türkiyədə xəstəxanada müalicə alarkən yanına Azərbaycandan o qədər çox tanınmış insan gedirmiş ki, xəstəxananın həkimləri əvvəlcə onun kim olduğunu soruşublar. Qızı atasının Azərbaycanın məşhur aktyoru olduğunu izah etdikdən sonra tibb işçiləri də ona xüsusi maraq göstərməyə başlayıblar.

Xəstəlik onun həyatının son mərhələsini xeyli dəyişmişdi. Vaxtilə gündə bir neçə çəkilişə, teatra və televiziyaya çatmağa çalışan aktyor artıq əvvəlki kimi işləyə bilmirdi. Özü də bunun ona fiziki ağrıdan əlavə mənəvi olaraq təsir etdiyini etiraf edirdi. "Bir dənə də rol oynayım..." arzusu onun səhnədən ayrılmaq istəmədiyini göstərirdi.

Həyatdan və sənətdən köçən Yaşar Nuri

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə 61 yaşında Bakıda vəfat edib. Xalq artisti II Fəxri xiyabanda dəfn olunub.

Bu gün Yaşar Nuri həyatda deyil. Amma Makintoş danışanda, İsrafil əsəbiləşəndə, Maşallah ekranda görünəndə tamaşaçı yenə onu xatırlayır. Bəlkə də, aktyor üçün ən böyük ölümsüzlük elə budur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)