Rusiyanın Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviçə silahlı hücum edilib.
Milli.Az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Saratov vilayətinin Probujdeniye kəndində baş verib. Naməlum şəxs motosikletlə hərbçinin yaşadığı evə yaxınlaşıb.
Varpaxoviç evdən çıxarkən silahlı şəxsin hücumuna məruz qalıb. Atəş nəticəsində güllələrdən biri onun sinəsinə, digəri isə üzünə dəyib. Hadisə zamanı hərbçinin sürücüsü də yaralanıb.
Hücumu törətməkdə şübhəli bilinən şəxsin motosikletlə hadisə yerindən uzaqlaşdığı və üzünü dəbilqə ilə gizlətdiyi bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)