Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəli olduğunu ortaya qoyub.
Milli.Az xəbər verir ki, "Science Advances" jurnalında yayımlanan araşdırmada 2011-2023-cü illərdə Çikaqoda may-sentyabr ayları ərzində təcili yardım və təcili tibbi xidmət mərkəzlərinə edilən 916 mindən çox müraciət araşdırılıb. Tədqiqatçılar ümumilikdə 1803 müxtəlif diaqnozu təhlil ediblər.
Nəticələr göstərib ki, isti havalarda daha çox rast gəlinən problemlər arasında dəri səpgiləri və şişkinliklər, kəskin böyrək çatışmazlığı, dağınıq skleroz, psixi və davranış pozuntuları, həşərat dişləmələri və sancmaları da var.
Araşdırmada yüksək temperaturun yol qəzaları, hücumlar və odlu silahla bağlı xəsarətlər kimi təsadüfi və zorakılıq nəticəsində yaranan travmalarla da əlaqəsi müəyyən edilib. Tədqiqatçılar istilik zamanı həm bədənin, həm də beynin stress altında qalmasının diqqətin yayınmasına və əsəbiliyin artmasına səbəb ola biləcəyini bildirirlər.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr səhiyyə sistemlərinin istilik dalğalarına hazırlığını yaxşılaşdıra bilər. Xüsusilə böyrəklər və orqanizmdə maye balansı ilə bağlı fəsadlara diqqətin artırılması tövsiyə olunur. Bu problemlərin bəziləri istiyə məruz qaldıqdan bir neçə gün sonra ortaya çıxa bilər.
Araşdırmanın müəllifləri isə qeyd edirlər ki, nəticələr hələlik yalnız Çikaqo üzrə məlumatlara əsaslanır və digər şəhər və ölkələrdə də əlavə tədqiqatlarla yoxlanılmalıdır.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)