Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

3 Sentyabr 2026 12:14

Meksikanın paytaxtı Mexikoda lüks penthaus mənzilində dəhşətli qətl hadisəsi baş verib.

Milli.Az Bakupost.az-a istinadla xəbər verir ki, mənzildə silahla vurulmuş 4 nəfərin meyiti aşkarlanıb.

Məlumata görə, penthausa daxil olan iki naməlum şəxs klaviatura ifaçısı, 38 yaşlı bəstəkar Conatan Melendezi və onun ailəsini qətlə yetiriblər. Həyatını itirənlər arasında bəstəkarın həyat yoldaşı, 3 yaşlı qızı, evin köməkçisi və iti olub.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Səlahiyyətlilər, Melendezin 6 yaşlı uşağının hadisə yerində sağ-salamat tapıldığını bildiriblər.

Melendezin həyat yoldaşı Ana Paolanın təxminən 4 aylıq hamilə olduğu bildirilib. Meksika Baş Prokurorluğu qurbanların və ailənin ev heyvanı olan itin hadisə yerində yapışqanlı lentlə bağlanmış vəziyyətdə tapıldığını açıqlayıb.

Bəyanatda 3 yaşlı bir qız və daha iki nəfərin başından güllələnərək öldürüldüyü, bir nəfərin isə kürəyindən güllələndiyi bildirilir.

Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı meksikalı bəstəkar, musiqiçi və prodüser Conatan Melendez (Jonathan "Honas" Meléndez), Meksikanın tanınmış indi-rok və sinti-pop qrupu olan Camilo Séptimo-nin yaradıcılarından biri olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)