Xəbər verdiyimiz kimi, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Milli.Az xəbər verir ki, gəmidə olan 267 nəfərdən 249-nun yeri müəyyənləşdirilib. Onlardan 241 nəfər xilas olunub. Qəza nəticəsində 8 nəfər həyatını itirib, 18 nəfərin axtarışı davam etdirilir.
Girne yaxınlığında batan gəmidə sərnişinlərin xilas olmaq uğrunda mübarizəsi zamanı iki ürəkdağlayan hadisə yaşanıb.
Məlumata görə, gəmidə olan Fahri Ateş həyat yoldaşını və övladını xilas etmək üçün xilasedici jilet götürmək məqsədilə gəminin aşağı hissəsinə enib. Lakin bu zaman həyatını itirib. Onun ailə üzvlərinin isə xilas olunaraq sağ qaldığı bildirilir.
Hadisə zamanı digər bir faciəvi məqam yaşanıb. Gəmidə olan Gülcan Gürelin azyaşlı qızı üçün öz xilasedici jiletindən imtina etdiyi və jileti qızına geyindirərək onun həyatını xilas etdiyi qeyd olunur.
Ana Gülcan Gürelin cansız bədəni daha sonra sudan çıxarılıb.
Qeyd edək ki, Gülcan Gürelin cənazəsinin Mersində torpağa tapşırılacağı bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)