Sürücülərin diqqətinə: Uşaqlarla bağlı təhlükəsizlik aylığı keçiriləcək

3 Sentyabr 2026 10:12

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uşaqların yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi aylıq keçirəcək.

Milli.Az xəbər verir ki, "Diqqət, uşaqlar!" devizi ilə keçiriləcək təhlükəsizlik aylığı sentyabrın 5-dən oktyabrın 5-dək davam edəcək.

BDYPİ-dən bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar məktəbə gedib-gələn uşaqların və yeniyetmələrin yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranır.

Aylıq çərçivəsində təhsil müəssisələrinin ətrafında və uşaqların gündəlik hərəkət etdiyi marşrutlarda yol şəraiti yoxlanılacaq. Zəruri hallarda əlavə yol nişanlarının quraşdırılması, nişanlanma xətlərinin çəkilməsi və mövcud xətlərin yenilənməsi nəzərdə tutulur.

Eyni zamanda, uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri artırılacaq. Təhsil müəssisələri, valideynlər və ictimaiyyət nümayəndələri ilə birgə maarifləndirici tədbirlərin də genişləndirilməsi planlaşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, uşaqların təhlükəsizliyi məsələsində isə daha diqqətli və məsuliyyətli davranmağa çağırıb.

BDYPİ xüsusilə azyaşlılara yol hərəkəti qaydalarına əməl olunmasında böyüklərin şəxsi nümunə göstərməsinin vacibliyini vurğulayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)