Su qızdırıcılarının (çaydanların) dibində zamanla yaranan ağ və sərt qat, xüsusilə suyun sərt olduğu bölgələrdə tez-tez rast gəlinən problemlərdən biridir. Sudakı kalsium və maqnezium minerallarının yığılması ilə yaranan ərp müntəzəm təmizlənmədikdə cihazın işləmə performansına da mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, ərpin təmizlənməsində praktiki üsullardan biri limon duzu istifadə etməkdir. İsti su ilə birlikdə tətbiq edildikdə sərtləşmiş mineral qatının həll olunmasını asanlaşdıran limon duzu su qızdırıcısının daxili səthində yığılan qalıqların təmizlənməsinə kömək edir.
Limon duzunun tərkibindəki limon turşusu (sitrik turşu) ərp qatını əmələ gətirən mineral çöküntülər üzərində təsirli olur. Beləliklə, sərtləşərək səthə yapışan qalıqlar yumşalır və daha asan təmizlənir. Tətbiqdə miqdar cihazın xüsusiyyətlərinə görə dəyişə bilər. Ümumiyyətlə, yarım litr suya təxminən 25 qram limon duzu əlavə edilərək qarışım bir müddət gözlədilir. Ardından qarışım boşaldılmalı və su qızdırıcısı bir neçə dəfə təmiz su ilə yaxşıca durulanmalıdır.
Ərplənməni gecikdirmək mümkündür
Təmizlənmiş su qızdırıcısının bir daha heç ərp tutmayacağını söyləmək mümkün deyil. Sərt su istifadə edilməyə davam etdiyi müddətcə mineral çöküntülər zamanla yenidən yarana bilər. Lakin müntəzəm təmizlik ərpin qalın və sərt bir qata çevrilməsinin qarşısını ala bilər.
İstifadədən sonra cihazın içində qalan suyu boşaltmaq və müəyyən fasilələrlə ərp təmizliyi etmək çöküntülərin azalmasına kömək edir. Xüsusilə sərt su istifadə edilən bölgələrdə bu əməliyyatın daha tez-tez edilməsi su qızdırıcısının performansının qorunmasına və istifadə müddətinin uzanmasına töhfə verə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)