Diş məcunundakı rəngli xətlərin əsl mənası açıqlandı

3 Sentyabr 2026 07:07

Diş məcununun alt hissəsində yerləşən rəngli kvadratların məhsulun təbiilik və ya kimyəvi nisbətini göstərdiyi yönündəki geniş yayılmış iddia tamamilə əsassız çıxdı. Bu işarələr zənn edilənin əksinə olaraq tərkiblə deyil, fabrikdəki qablaşdırma maşınlarının texniki kəsim nöqtələri ilə əlaqədardır.

Milli.Az xəbər verir ki, sosial mediada tez-tez paylaşılan nəzəriyyələrdə qara xəttin tamamilə sintetik, yaşıl xəttin isə tamamilə təbii tərkibi təmsil etdiyi irəli sürülürdü. Qırmızı və mavi rənglərin isə kimyəvi və təbii maddələrin qarışığını simvolizə etdiyi iddia olunurdu. Lakin mütəxəssislər heç bir istehsalçının qablaşdırmaya "zərərli məhsul" mənasına gələcək bir işarə qoymayacağını vurğulayırlar. Rənglərin əsl funksiyası tamamilə istehsal müəssisələrindəki avtomatlaşdırma sistemləri ilə bağlıdır.

Fabrikdəki maşınlar bu rənglərdən necə istifadə edir?
Diş məcunları nəhəng istehsal xətlərində çoxqatlı rulolar şəklində formalandırılır. Bant üzərində irəliləyən məcun qabının haradan kəsilib möhürlənəcəyini müəyyən etmək üçün robotik sensorlar işə düşür. İşıq sensorları qablaşdırma fonuna zidd rəngdə basılan bu xətləri aşkar edərək bıçağın tam düzgün nöqtədə qabı kəsməsini təmin edir. Məsələn, ağ rəngli qabın üzərinə tünd mavi və ya qara, yaşıl qabın üzərinə isə qırmızı kimi zidd rəngli optik kodlar vurulur.

Bu tətbiq başqa məhsullarda da varmı?
Oxşar rəngli işarələr şampun, üz yuma geli və krem ​​qablarında da geniş şəkildə istifadə edilir. Qabın üzərində bu xəttin olmaması halında isə qablaşdırma fərqli bir sensor texnologiyası ilə kəsilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)