Səyahət məzmunlu videoları ilə tanınan məşhur britaniyalı səyahət bloqeri Hari Jaqqard Azərbaycana səfəri zamanı yaşadığı maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
Milli.Az xəbər verir ki, bloqer Lənkəranda başına gələn hadisə ilə bağlı sosial şəbəkə hesabında video yayımlayıb.
Hari Jaqqard bildirib ki, şəhərdəki restoranlardan birində içərisində pul, sənədlər və digər şəxsi əşyaları olan çantasını unudub. Hadisədən xəbər tutduqdan sonra təxminən bir saatdan artıq vaxt keçib və bloqer yenidən həmin restorana qayıdıb.
Restorana çatdıqda çantasının olduğu yerdə qaldığını və içərisindəki əşyalara toxunulmadığını görən Jaqqard təəccüblənib. O, minnətdarlığını göstərmək üçün restoran əməkdaşlarına bəxşiş vermək istəsə də, işçilər bu təklifi qəbul etməyiblər.
Baş verənlərdən təsirlənən səyahətçi Azərbaycana və Azərbaycan xalqına təşəkkürünü video vasitəsilə çatdırıb. Hari Jaqqard ölkəmizin dünyanın ən təhlükəsiz və qonaqpərvər məkanlarından biri olduğunu vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)