Polşalı ultraüzgüçü Bartlomiej Kubkovski Baltik dənizində olduqca çətin məsafəni uğurla başa vurub.
Milli.Az xəbər verir ki, o, 2 avqust 2026-cı ildə İsveçin Kaseberqa sahilindən suya daxil olaraq Polşanın Dzivnov şəhərinə qədər üzüb. Bartlomiej bu müddətdə təxminən 160-170 kilometr məsafə qət edib.
Ultraüzgüçü suda 55 saat 10 dəqiqə fasiləsiz qalıb. Bu müddət ərzində yatmadığı və müşayiət gəmisinə toxunmadığı bildirilib. Onun qida və su ehtiyacı isə xüsusi vasitə ilə gəmidən qarşılanıb.
Kubkovski sözügedən marşrutu beşinci cəhdində tamamlaya bilib. Bununla da o, İsveçdən Polşaya qədər bu məsafəni üzərək qət edən ilk şəxs olub.
Üzgüçünün sahilə çıxdıqdan sonra heç bir kömək almadan quruya çıxması da marşrutun əsas şərtlərindən biri olub. O, son dərəcə yorğun vəziyyətdə olmasına baxmayaraq, bu tələbi də yerinə yetirib.
Bartlomiej Kubkovskinin bu çətin üzgüçülüyü xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqlara dəstək məqsədi də daşıyıb. Aksiya çərçivəsində həmin uşaqlara yardım üçün ianə toplanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)