ABŞ-nin Nyu-York şəhərində yerləşən məşhur "Times Meydanı"nda bıçaqlı hücum baş verib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 49 yaşlı qadın çantasından çıxardığı iki mətbəx bıçağı ilə əvvəlcə metrodan çıxan 68 yaşlı kişiyə, daha sonra isə 32 yaşlı qadına hücum edib.
Hadisə nəticəsində yaralanan hər iki şəxs xəstəxanaya çatdırılıb. 32 yaşlı qadının aldığı xəsarətlərdən həyatını itirdiyi, 68 yaşlı şəxsin isə müalicəsinin davam etdiyi bildirilib.
Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub. Görüntülərdə şübhəlinin polislərin xəbərdarlıqlarına baxmayaraq əlindəki bıçaqları yerə qoymadığı əks olunub.
Polis əməkdaşları əvvəlcə qadına elektroşok cihazı ilə müdaxilə etməyə çalışıblar. Lakin bu cəhd nəticə verməyib. Şübhəlinin polislərin üzərinə doğru irəliləməsindən sonra iki polis əməkdaşı ona atəş açıb.
Güllə yarası alan qadın xəstəxanaya aparılsa da, onun da həyatını itirdiyi açıqlanıb. Beləliklə, hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla üç nəfər ölüb.
Səlahiyyətli şəxslər ilkin araşdırmalar zamanı hücumun terrorla əlaqəli olduğuna dair hər hansı sübutun aşkarlanmadığını bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)