İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olan Françesko Totti karyerasında yeni səhifə açıb.
Milli.Az bildirir ki, keçmiş futbolçu "Maksima Roma" basketbol klubunun müşaviri təyin olunub. Totti bu barədə "Instagram" hesabında paylaşım edib.
49 yaşlı əfsanəvi futbolçu yeni vəzifəsi ilə bağlı açıqlamasında fərqli bir çağırışa ehtiyac duyduğunu və qarşısına çıxan layihənin onu ilk andan cəlb etdiyini bildirib.
"Mən yeni stimul istəyirdim və yeni bir çağırışı qəbul edərək özümü sınamaq həvəsini hiss edirdim. Mənə təklif olunan rol və ən başlıcası layihə məni elə ilk andan inandırdı. Biz Romaya və romalılara azarkeşlik edə biləcəkləri, fəxr edəcəkləri və özlərini tapacaqları bir basketbol komandası hədiyyə etmək istəyirik", - deyə Totti yazıb.
Məlumata görə, Totti klubun azarkeşlərlə əlaqələrinin qurulmasına və sosial layihələrin həyata keçirilməsinə nəzarət edəcək.
Françesko Totti "Breşiya"dan idman hüquqlarını əldə edərək klubu Romaya köçürən italiyalı-amerikalı investor Pol Matyaşiçin layihəsinə də qoşulub. Yeni yaradılan komandanın basketbol üzrə A Seriyasında və Avrokubokda mübarizə aparacağı bildirilib.
Qeyd edək ki, Françesko Totti futbolçu karyerasının tamamını "Roma"da keçirib və uzun illər komandanın kapitanı olub. O, paytaxt klubunun heyətində ümumilikdə 785 qarşılaşmada meydana çıxıb, 307 qol vurub və 205 məhsuldar ötürmə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)